Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib
31 Avqust 2026 15:23
Ölkə ərazisində Qəhvəyi mərmər bağacığının yayılmasının və təsərrüfat subyektlərinə vurduğu zərərin qarşısının alınması məqsədilə həyata keçirilən kompleks fitosanitar tədbirlər çərçivəsində Balakən rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib.
Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin və Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, Dövlət Gömrük Komitəsinin, yerli icra hakimiyyəti orqanlarının, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak ediblər.
İclasda bildirilib ki, son monitorinqlərə əsasən, zərərvericinin ayrı-ayrı ərazilərdə populyasiya sıxlığının və yayılma intensivliyinin artması müşahidə olunur. Xüsusilə fındıq və digər kənd təsərrüfatı bitkilərində yaratdığı zədələnmələr məhsulun kəmiyyət və keyfiyyətinə mənfi təsir göstərir. Payız aylarında zərərvericinin qışlama yerləri axtarışı ilə əlaqədar yaşayış məntəqələrinə miqrasiya ehtimalının artması, eləcə də qonşu ölkələrdən hava axınları vasitəsilə yayılma riski nəzərə alınaraq sərhədyanı ərazilərdə fitosanitar müşahidələrin gücləndirilməsi vacibdir. Bu məqsədlə erkən xəbərdarlıq və qabaqlayıcı tədbirlərin görülməsi, monitorinqin əhatə dairəsi və intensivliyinin artırılması, məlumat mübadiləsinin operativ təşkili əsas prioritetlər kimi müəyyənləşdirilib.
Regionda yayılma intensivliyi müşahidə olunan Amerika ağ kəpənəyi ilə bağlı fitosanitar vəziyyət də diqqətə çatdırılıb. Hər iki zərərverici üzrə mövcud vəziyyətin davamlı nəzarətdə saxlanılması, məlumatların operativ şəkildə ümumiləşdirilməsi və tədbirlərin aidiyyəti dövlət qurumlarının koordinasiyalı fəaliyyəti əsasında həyata keçirilməsinin vacibliyi vurğulanıb. Region üzrə fitosanitar vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Görüşdən sonra aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən Mazımqara gömrük postuna və gömrük terminalına yerində baxış keçirilib. Baxış zamanı Qəhvəyi mərmər bağacığının ölkə ərazisinə daxilolma və yayılma risklərinin qarşısının alınması, xüsusilə sərhəd-keçid məntəqəsində zərərvericiyə qarşı operativ mübarizə və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi üçün mövcud infrastruktur və texniki imkanlar qiymətləndirilib.
Oxşar xəbərlər
Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub. Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericilərlə mübarizə məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericilərə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Bucaq, Bayan, Qəbələ rayonunun isə Mirzəbəyli kəndlərində sakinlərlə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma səbəbləri, bitkilərə vurduğu zərər, xüsusilə Amerika ağ kəpənəyinin tırtıl mərhələsində yaratdığı təhlükə və ona qarşı mübarizə tədbirləri barədə vətəndaşlara məlumat verilib. Eyni zamanda, zərərvericilərin vaxtında aşkarlanmasının və onların yayılmasının qarşısının alınması məqsədilə mütəmadi müşahidə və monitorinqlərin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Tədbirlər çərçivəsində kənd sakinlərinə zərərvericilərlə bağlı maarifləndirici bukletlər təqdim olunub, onların sualları cavablandırılıb və müvafiq fitosanitar tələblərə əməl olunması ilə bağlı tövsiyələr verilib.
Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericiyə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Arzu kəndində kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı qəhvəyi mərmər bağacığının payız aylarında açıq sahələri tərk edərək qışlama məqsədilə evlərə, anbarlara və digər qapalı tikililərə toplanması barədə sakinlərə məlumat verilib. Eyni zamanda, zərərvericinin sayının azaldılmasında effektiv üsullardan biri olan mexaniki mübarizə tədbirləri və onların tətbiqi qaydaları izah edilib, kənd sakinlərinə qəhvəyi mərmər bağacığı haqqında məlumat kitabçaları paylanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş