AQTA COP29 tədbirində qidalanmanın təşkilinə nəzarətlə bağlı işləri davam etdirir
25 Aprel 2024 11:32




Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) cari ilin 11-24 noyabr tarixlərində Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərini davam etdirir. COP29 zamanı görüləcək işlərə dair Agentlik tərəfindən hazırlanan Tədbirlər Planında nəzərdə tutulan işlərin vaxtında və keyfiyyətlə icra olunması, habelə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülür.
İlkin mərhələdə cari ilin yanvar-mart aylarında Bakı və Sumqayıt şəhərlərində yerləşən keytrinq, otel və sanatoriyalarda qida təhlükəsizliyi vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə keçirilib, sahibkarlarla bu istiqamətdə maarifləndirilmə işləri aparılıb. Eyni zamanda sözügedən qiymətləndirmədə iştirak edəcək müfəttişlərə tədbirlə əlaqədar müxtəlif mövzularda təlimlər keçirilir.
Dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab olunan COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz xidmətlərin göstərilməsi üçün ticarət və ictimai iaşə müəssisələrində aprel ayının 22-dən etibarən monitorinqlərin növbəti mərhələsinin keçirilməsinə başlanılıb. Belə ki, 53 ticarət və 50 ictimai iaşə olmaqla, ümumilikdə 103 müəssisədə monitorinqlər həyata keçirilib. Monitorinqlər çərçivəsində 50 ticarət və 43 ictimai iaşə olmaqla, 93 müəssisədə bir sıra nöqsanlar aşkar edilib. Nöqsanların aradan qaldırılması istiqamətində icrası məcburi göstərişlər verilib.
Agentlik bildirir ki, Tədbirlər Planına uyğun olaraq, bu cür nəzarət tədbirlərinin keçirilməsi mütəmadi olaraq davam etdiriləcək.
Qeyd edək ki, AQTA COP29-la bağlı beynəlxalq təcrübənin öyrənilməsi və tədbirdə qidalanmanın təşkili ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümümdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq edir.
Oxşar xəbərlər

Konserv sexinin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olmuş müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Digah kəndində fəaliyyət göstərən fiziki şəxs Valeh İsa Raqif oğluna məxsus meyvə-tərəvəzin konservləşdirilməsi sexində plandankənar yoxlama keçirib. Baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi, konservləşdirilmiş tərəvəz turşularının üzərində etiket məlumatlarının mövcud olmadığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssiənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib olunub.

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan dabaq xəstəliyindən azad status əldə edəcək
Ölkəmizin daha bir heyvan xəstəliyindən azad status əldə etməsi istiqamətində uğur əldə olunub. Belə ki, AQTA tərəfindən dabaq xəstəliyindən azad zonaların yaradılması üçün Ölkə Nəzarət Proqramı hazırlanaraq, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilib. Proqram icraya yönəldilib. Beləliklə, ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) və Naxçıvan Muxtar Respublikası ərazisində dabaq xəstəliklərindən azad zonaların yaradılması prosesinə başlanılıb. Azad statusun alınması heyvan mənşəli məhsulların ixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək. Ölkə Nəzarət Proqramına mütəmadi epizootoloji monitorinqlərin aparılması, heyvanların identifikasiyasının və qeydiyyatının başa çatdırılması, heyvan daşınmalarının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən izlənilməsi və kütləvi vaksinasiya tədbirlərinin yerinə yetirilməsi daxildir. Xatırladaq ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır.

AQTA sədri Naftalanda vətəndaşları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli avqustun 18-i saat 10:00-da Naftalan şəhər Heydər Əliyev Mərkəzində Naftalan, Gəncə şəhərləri və Samux, Kəlbəcər, Daşkəsən, Göygöl, Goranboy, Xocalı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq avqustun 17-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.
