COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir
30 Aprel 2024 16:30
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ölkə üzrə həyata keçirilən nəzarət tədbirlərini davam etdirir.
Tədbirlər çərçivəsində cari ilin 22-29 aprel tarixlərində 158 ticarət və 171 ictimai iaşə müəssisəsində monitorinq həyata keçirilib. Monitorinq zamanı 144 ticarət və 160 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib. Aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində məsul şəxslərə icrası məcburi göstərişlər verilib.
Qeyd edək ki, nəzarət tədbirləri COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz qidalanma xidmətlərinin göstərilməsi məqsədilə həyata keçirilir. İlkin mərhələdə Bakı və Sumqayıt şəhərlərində yerləşən keytrinq, otel və sanatoriyalarda qida təhlükəsizliyi vəziyyətinin öyrənilməsi üçün müvafiq qiymətləndirmə keçirilib, sahibkarlarla bu istiqamətdə maarifləndirilmə işləri aparılıb. Eyni zamanda sözügedən qiymətləndirmədə iştirak edəcək müfəttişlərə tədbirlə əlaqədar müxtəlif mövzularda təlimlər keçirilir.
AQTA bu cür nəzarət tədbirlərini mütəmadi olaraq davam etdirəcəkdir.
Oxşar xəbərlər
Bakıda su emalı müəssisəsində nöqsanlar aşkarlandı
Bakı şəhəri, H.Mirzəyev 1069 ünvanında yerləşən, fiziki şəxs Yusifov Namik Səlim oğluna məxsus qablaşdırılmış su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar müəyyən olunub. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal zamanı texnoloji ardıcıllıq prinsipinin pozulduğu, qablaşdırma materiallarının yuyulması prosesinin kustar üsulla həyata keçirildiyi, 19 litrlik “Xanbulaq” əmtəə nişanlı suların qablaşdırılmasında istehsal tarixinin qeyd edilmədiyi aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti dayandırılıb.
Su emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb
Bakı şəhəri, H.Mirzəyev küçəsi 1069 ünvanında yerləşən, “Butasu A” MMC-yə məxsus qablaşdırılmış su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar müəyyən olunub. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, qablaşdırma materiallarının yuyulması prosesinin kustar üsulla həyata keçirildiyi məlum olub. Həmçinin qanunvericiliyin tələblərinə uyğun etiket məlumatları olmayan 150 ədəd 19 litrlik su bidonu, 105 ədəd 19 litrlik qablaşdırılmış su və istehsal tarixi qeyd edilməyən 384 ədəd 0.5 litrlik “Buta” əmtəə nişanlı qablaşdırılmış su aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Yasamalda kremli və qənnadı məmulatlarının emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı
Yasamal rayonu, M.Xiyabani küçəsində fəaliyyət göstərən, “Desert” kremli və qənnadı məmulatlarının emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu, sanitariya norma və qaydalarına əməl edilmədiyi aşkarlanıb. Müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, anbar sahəsinin təşkil edilmədiyi və xammalların antisanitar vəziyyətdə emal sahəsində saxlandığı müəyyən edilib. Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və məsul şəxsi barəsində inzibati protokol tərtib olunub.