AQTA-da heyvan kəsimi məntəqələrinin fəaliyyəti ilə bağlı sahibkarlarla görüş keçirilib
13 Noyabr 2026 17:18
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) heyvan kəsimi məntəqələrinin fəaliyyəti, baytarlıq nəzarətinin gücləndirilməsi və ət məhsullarının təhlükəsizliyinin təmin olunması ilə bağlı sahibkarlar və baytar həkimlərin iştirakı ilə görüş keçirilib.
Görüşdə kəsim prosesinin qanunvericiliyin tələblərinə uyğun təşkili, heyvanların identifikasiyası, kəsim əməliyyatlarının AQTİS-də qeydiyyatı və ətin dövriyyəsində izlənəbilənliyin təmin edilməsi məsələləri müzakirə olunub.
Kəsim məntəqələrində aparılmış qiymətləndirmələrin nəticələri də müzakirə edilib. Bəzi məntəqələrdə baytarlıq-sanitariya və digər tələblərlə bağlı nöqsanların aşkarlandığı bildirilib, sahibkarlara çatışmazlıqların müəyyən edilmiş müddətdə aradan qaldırılması tövsiyə edilib. Bildirilib ki, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, kəsim məntəqələrinin sahibləri baytar həkimləri özləri seçə, həmçinin AQTİ tərəfindən cəlb edilən mütəxəssislərlə yanaşı, əlavə baytar həkimlər də iştirak edə bilər. Bu dəyişiklik kəsim prosesində baytarlıq nəzarətinin operativliyinin və səmərəliliyinin artırılmasına xidmət edir.
Diqqətə çatdırılıb ki, heyvanların identifikasiyası onların mənşəyinin və hərəkətinin izlənilməsi, xəstəlik risklərinin vaxtında müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Kəsimdən sonra müvafiq məlumatlar AQTİS-də qeydiyyata alınmalıdır. Eyni zamanda, kəsim məntəqələrindən restoranlara, şadlıq evlərinə və digər ictimai iaşə obyektlərinə göndərilən ət məhsullarının müşayiətedici sənədlərlə təmin olunması diqqətdə saxlanılmalıdır.
Bununla yanaşı, qanunsuz heyvan kəsimi hallarına qarşı nəzarət tədbirlərinin gücləndiriləcəyi vurğulanıb. Qanunvericiliyin tələblərini pozan, aşkar edilmiş nöqsanları aradan qaldırmayan sahibkarlar barəsində müvafiq inzibati tədbirlər görüləcəyi bildirilib.
Qeyd olunub ki, heyvan kəsimi məntəqələrində tələblərə əməl olunması, baytarlıq nəzarətinin düzgün təşkili və ətin mənşəyinin izlənilməsi istehlakçı sağlamlığının və qida təhlükəsizliyinin qorunmasının əsas şərtlərindəndir.
Oxşar xəbərlər
Azərbaycanla Yunanıstan qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Yunanıstan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin nümayəndələri arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi məqsədilə onlayn görüş keçirilib. Görüşdə Yunanıstan tərəfi ölkədə tətbiq olunan heyvanların identifikasiyası və qeydiyyatı sistemi barədə ətraflı məlumat təqdim edib. Müzakirələr zamanı heyvan növlərinə uyğun tətbiq olunan identifikasiya vasitələri (qulaq nişanları, elektron çiplər və s.), həmçinin identifikasiya və qeydiyyat sisteminə riayət olunmasına nəzarət məsələləri diqqət mərkəzində olub. Bundan başqa, Yunanıstan tərəfi ölkəmizə süd və balıqçılıq məhsullarının idxalına maraq göstərdiyini bildirib. Sonda maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib - VİDEO
Ölkə ərazisində epizootik sabitliyin qorunması, xüsusi təhlükəli heyvan xəstəliklərinin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsas fəaliyyət istiqamətlərindəndir. Bu çərçivədə AQTA tərəfindən noyabrın 16-dan 20-dək respublika ərazisində təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib. Monitorinqlər zamanı müxtəlif xəstəliklər üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə heyvanların kliniki müayinəsi aparılıb, laborator müayinələr üçün diaqnostik nümunələr götürülüb, saxlanma yerlərinin baytarlıq-sanitariya vəziyyəti yoxlanılıb. Eyni zamanda, heyvan sahibləri arasında baytarlıq norma və qaydalarına riayət olunması, xəstəliklərin profilaktikası və biotəhlükəsizlik tədbirlərinin əhəmiyyəti ilə bağlı maarifləndirmə işləri aparılıb.
Detoks suları haqqında doğru bilinən yanlışlar - VİDEO
Gündəlik həyatımızda, xüsusilə də çəki vermək istəyən insanlar arasında detoks sularından istifadə geniş yayılıb. Bir çoxları bu suların orqanizmi toksinlərdən təmizlədiyinə, piyləri əridərək arıqlamağa və maddələr mübadiləsini sürətləndirməyə kömək etdiyinə inanır. Lakin detoks suları ilə bağlı geniş yayılmış bu fikirlərin heç də hamısı elmi əsaslara söykənmir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti Tutu Zeynalovanın sözlərinə görə, ilk yanlış fikir detoks sularının orqanizmi toksinlərdən təmizləməsi ilə bağlıdır. Əslində orqanizmin zərərli maddələrdən təmizlənməsində əsas rolu qaraciyər və böyrəklər oynayır. Suya əlavə edilən xiyar, limon və ya nanə orqanizmə xüsusi detoksifikasiya xüsusiyyəti qazandırmır və bədənin təbii təmizlənmə mexanizmini əvəz etmir. Digər geniş yayılmış yanlış fikir detoks sularının piyləri əridərək birbaşa arıqlamağa səbəb olmasıdır. Halbuki heç bir qida və ya içki birbaşa piyləri parçalayaraq əridə bilməz. Detoks suları şəkərli və qazlı içkiləri əvəz etdikdə gündəlik kalori qəbulunun azalmasına kömək edə bilər. Detoks suları ilə bağlı növbəti yanlış fikir meyvə və tərəvəzlərin tərkibindəki bütün vitaminlərin suya keçməsi ilə əlaqədardır. Əslində, limon, xiyar və giləmeyvələr suda saxlanıldıqda onların tərkibindəki bəzi suda həll olan vitaminlərin, məsələn, C vitamininin az miqdarı suya keçə bilər. Meyvənin özünü yemədikdə onun tərkibindəki lif və digər vacib qida maddələrindən də məhrum olursunuz. Detoks sularının maddələr mübadiləsini sürətləndirməsi də elmi baxımdan kifayət qədər əsaslandırılmayıb. Ümumilikdə detoks suları özlüyündə zərərli deyil. Əksinə, gün ərzində kifayət qədər su içməkdə çətinlik çəkən insanlar üçün suyun dadını dəyişmək və maye qəbulunu artırmaq baxımından yaxşı seçim ola bilər. Bu içkilərdən xüsusi müalicəvi, arıqladıcı və ya orqanizmi toksinlərdən təmizləyən möcüzəvi təsirlər gözləmək doğru deyil. Ətraflı linkdə:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş