AQTA tərəfindən hazırlanan 6 adda normativ hüquqi akt “Hüquqi Aktların Dövlət Reyestri”nə daxil edilib
4 Fevral 2021 18:17
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə Agentliyin fəaliyyət istiqamətləri üzrə bir neçə texniki normativ hüquqi akt Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınaraq, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Kollegiya Qərarına əsasən “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”, “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair Tələblər”, “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”, “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları” təsdiq edilib.
Qanunvericiliyə uyğun olaraq “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat” qəbul olunduğu gündən, digər texniki normativ hüquqi aktlar isə 1 aprel 2021-ci il tarixindən qüvvəyə minir.
“Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat” Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan bitki və bitkiçilik məhsullarının ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsini, nümunələrin götürülməsi üçün uyğun üsulların seçilməsini və laboratoriyaya göndərilməsini tənzimləyir.
“Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair tələblər” baytarlıq aptekinin quruluşuna və avadanlıqlarla təchizatına dair əsas tələbləri müəyyənləşdirir. Bu tələblərə əsasən baytarlıq aptekləri fərdi inşa edilmiş ayrıca binada, yaxud ayrıca girişi olan qeyri-yaşayış sahəsində təşkil olunur (zirzəmi və yarımzirzəmi istisna olmaqla). Tələblərə əsasən, baytarlıq aptekinin ümumi sahəsi 20 m2-dən az olmamalıdır.
“Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları” ət və ət məhsullarının realizasiyası ilə məşğul olan bütün növ müəssisələrdə ət və ət məhsullarının daşınması, qəbulu, saxlanması və satılması ilə bağlı fəaliyyətə şamil edilir. Qaydalara əsəsən ət satışı müəssisələri fərdi inşa edilmiş ayrı tikilidə, binaların ayrıca girişi olan qeyri-yaşayış sahəsində (zirzəmi və yarımzirzəmi istisna olmaqla), həmçinin ticarət obyektlərində bu qaydaların tələblərinə cavab verən xüsusi ayrılmış yerlərdə yerləşə bilər.
“Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları” səyyar, stasionar və modul tipli heyvan və quş kəsimi məntəqələrində (bundan sonra - kəsim məntəqələri) insanların keyfiyyətli və təhlükəsiz heyvan mənşəli qida məhsulları ilə təmin olunması və zoonoz xəstəliklərin qarşısının alınması məqsədilə kəsim məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydalarını müəyyən edir. Qaydalara əsasən kəsim məntəqələrinin yaşayış sahələri, ictimai təyinatlı və ya ümumi istifadədə olan obyektlərdən və su hövzələrindən (axar su mənbələrindən) ara məsafələri (sanitar-mühafizə zolaqları) gözlənilməklə yerləşdirilməsi müəyyən edilib.
“Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar” qida zəncirinin bütün mərhələlərində - ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası, məhv edilməsi əməliyyatları daxil olmaqla qida məhsullarının təhlükəsizliyinə dair gigiyena tələblərini müəyyən edir.
“Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları” qida zəncirinin müxtəlif mərhələlərində qida məhsullarının mikrobioloji təhlükəsizliyinə dair əsas göstəriciləri və qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin bu sahədə vəzifələrini müəyyənləşdirir. Bu Qaydalar qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinin təmin olunması məqsədilə onların mikrobioloji göstəricilərinə dair sanitariya norma və qaydalarını müəyyənləşdirir.
Oxşar xəbərlər
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Giriş