Qənd istehsalı zamanı ciddi qanun pozuntularına yol verildiyi aşkarlanıb
22 Oktyabr 2019 19:50
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri davam etdirir.
Bir sıra qənnadı məmulatlarının istehsalı müəssisələrində “kəllə qənd” istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə edildiyi barədə daxil olmuş məlumatlar əsasında İran İslam Respublikasının vətəndaşı Tayef Davoud Müseyib oğluna məxsus, Bakının Binəqədi rayonunda Ə.Rəcəbli küçəsi 53 ünvanında yerləşən anbara baxış keçirilərkən tərkibində qida məhsullarının istehsalında istifadəsinə yol verilməyən 79 kiloqram toz halında ağardıcı kimyəvi maddə aşkar olunub. Araşdırmalar zamanı müəyyən edilib ki, həmin maddə D.Tayef tərəfindən uzun müddət ərzində İrandan ölkəmizə gətirilərək müxtəlif qənd istehsalı sexlərinə satılmaqdadır.
Həyata keçirilən monitorinqlər zamanı müəyyən edilib ki, bir sıra qənd istehsalı sexlərində istifadə olunan maddənin xarici görünüşü tozşəkilli, kəskin, spesifik iyli, tərkibində qida məhsullarının istehsalında istifadəsinə yol verilməyən və insan orqanizmi üçün təhlükəli olan natrium ditionit (Na2S2O4) maddəsidir. Həmin maddənin əsasən tekstil sənayesində və kağız istehsalı müəssisələrində ağardıcı kimi istifadə olunduğu müəyyənləşdirilib.
Əldə olunmuş məlumatlar əsasında AQTA-nın Bakı və Sumqayıt regional bölmələrinin, eləcə də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları müvafiq məhkəmə qərarları əsasında müxtəlif ünvanlarda birgə baxışlar keçiriblər.
Baxış zamanı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 7, Badamdar küçəsi 21 saylı ünvanlarda fiziki şəxs Nadirov Teyyub Yaqub oğluna məxsus qənd istehsalı müəssisəsində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bəşir Bünyadov 11 saylı ünvanda fiziki şəxs İsmayılova Tərlan İsmayıl qızına məxsus qənd istehsalı müəssisəsində, Abşeron rayonu, Xırdalan-Masazır şossesinin şimal hissəsində yerləşən “Aysu Qida Sənaye LTD” MMC-yə məxsus qənd istehsalı müəssisəsində və Sumqayıt şəhərinin Sülh küçəsində fiziki şəxs Əlizadə Maqsud Əli oğluna məxsus qənd istehsalı müəssisəsində natrium ditionit aşkar edilərək maddi sübut kimi götürülüb.
Eyni zamanda, həmin müəssisələrdə istehsal olunan məhsullardan sınaq nümunələri götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Kompleks müayinələr laboratoriyasına təqdim edilib. Sınaq nəticələrinə əsasən götürülmüş nümunələrin tərkibində insan orqanizmi üçün təhlükəli olan natrium ditionit aşkarlanıb və kükürd dioksidin (SO2) kütlə payının qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilib.
Bütün bunlarla bağlı Agentliyin müvafiq qərarı ilə fiziki şəxs Nadirov Teyyub Yaqub oğlu tərəfindən istehsal olunmuş və tərkibində natrium ditionit aşkar edilmiş 18 ton 299 kiloqram “Qədim dad” və “Bizim aşçı”, fiziki şəxs İsmayılova Tərlan İsmayıl qızı tərəfindən istehsal olunmuş 17 ton 116 kiloqram “Qidam” əmtəə nişanlı, “Aysu Qida Sənaye LTD” MMC tərəfindən istehsal olunmuş 2 ton 215 kiloqram “Kristal” və “Əmin” əmtəə nişanlı və fiziki şəxs Əlizadə Maqsud Əli oğlu tərəfindən istehsal edilmiş 3 ton 247 kiloqram “İran”, “Sevimli” və “Mədinə” əmtəə nişanlı qənd partiyalarının satış üçün dövriyyəyə çıxarılmasının qarşısı alınıb.
Qeyd olunan qanun pozuntuları ilə bağlı təqsirkar şəxslər barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanıb.
Bundan başqa, Agentliyin əməkdaşları tərəfindən digər qənd istehsalı müəssisələrində də yoxlamalar aparılmaqla inzibati və məhdudlaşdırıcı tədbirlər görülüb. Bu sahədə bir sıra sağlamlaşdırıcı işlər həyata keçirilərək müəssisələrin fəaliyyətləri ciddi nəzarətə götürülüb.
AQTA və Baş Prokurorluq bir daha bəyan edir ki, qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində bundan sonra da ən sərt tədbirlər görüləcək.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş