Qida Təhlükəsizliyi Agentliyi baş vermiş zəhərlənmə hadisəsi ilə bağlı açıqlaması
13 Avqust 2018 00:00
11.08.2018-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev prospekti 82 ünvanında yerləşən “Tonqal” restoranında baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı daxil olmuş məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyində dərhal operativ işçi qrupu yaradılmış, hadisənin baş verdiyi restoranda, zəhərlənən şəxslərin yerləşdirildiyi Klinik Tibbi Mərkəzdə və 2 saylı Uşaq Kliniki Xəstəxanasında qida təhlükəsizliyi araşdırmalarına başlanılmışdır.
İlkin məlumatlara əsasən, axşam saat 20:00 radələrində “Tonqal” restoranında iki ayrı masada qidalanan müxtəlif ailə üzvlərində bir neçə saatdan sonra zəhərlənmə əlamətləri baş vermişdir. Hadisə nəticəsində 3-ü azyaşlı olmaqla 13 nəfər zəhərlənib.
Mütəxəssislər tərəfindən xəstələrdən nümunələr götürülmüş və aidiyyatı üzrə laboratoriyaya göndərilmişdir. İlkin araşdırmalara görə zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməmiş ət və ət məhsullarından hazırlanan qidalar olmuşdur.
Bundan əlavə hadisənin baş verdiyi “Tonqal” restoranında müvafiq epidemoloji araşdırmalar aparılmış, bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən olunmuş və faktla bağlı protokol tərtib edilmişdir.
Araşdırmalar davam etdirilir, araşdırmanın nəticəsi ilə bağlı geniş məlumat ictimaiyyətin diqqətinə çatdırılacaq.
Qeyd edək ki, zəhərlənən 13 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılmış, 2 nəfər azyaşlının müalicəsi isə 2 saylı Uşaq Kliniki Xəstəxanasında davam etdirilir. Hazırda onların vəziyyəti qənaətbəxşdir.
Oxşar xəbərlər
Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) təkmilləşdirilməsi istiqamətində İtaliya təcrübəsi öyrənilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti İtaliyada səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti Teramo şəhərində keçirilən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa üzrə Heyvanların Rifahı Platformasının İdarəetmə Qrupunun 27-ci iclasında iştirak edib. İclasda heyvan sağlamlığı və rifahı, qida və beynəlxalq ticarətin təhlükəsizliyi, həmçinin Platformanın fəaliyyət planının icrası ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin, Teramoda yerləşən Zooprofilaktika İnstitutunun ekspertləri ilə görüşlər də keçirilib. Görüşlər zamanı Azərbaycanda Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) təkmilləşdirilməsi istiqamətində İtaliya təcrübəsi öyrənilib. Müzakirələrdə heyvanların fərdi identifikasiyası, elektron qeydiyyatı və məlumat bazalarının idarə olunması, digər informasiya sistemləri ilə inteqrasiya, heyvanların hərəkətinin izlənilməsi, eləcə də HİQS-in rəqəmsal infrastrukturunun inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, İtaliya təcrübəsinin öyrənilməsi HİQS-in müasir rəqəmsal həllər əsasında təkmilləşdirilməsinə, heyvan sağlamlığına nəzarətin və qida təhlükəsizliyinin daha da gücləndirilməsinə töhfə verəcək.
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb. Belə ki, Çin Xalq Respublikasından idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş