Qida Təhlükəsizliyi Agentliyi yoluxucu heyvan xəstəlikləri ilə bağlı xəbərdarlıq edir
11 Yanvar 2021 18:30
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən Azərbaycan Respublikası ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə xəbərdarlıq edib.
Ümumdünya Heyvan Sağlamlığı (OIE) Təşkilatı tərəfindən Monteneqronun Danilovqrad (Danilovgrad) şəhəri ərazisində blutanq xəstəliyi, İsrail Dövlətinin Şimal dairəsinin ərazisində dabaq xəstəliyi, Fransanın Provans-AIp-Kot de Azur (Provence-AIpes-Cöte d’Azur) regionunun ərazisində Aueski xəstəliyi, Niderland Krallığının Şimali Brabant (North Brabant) əyalətinin və Litva Respublikasının Kaunas (Kaunas) dairəsinin ərazisində yüksək patogen quş qripi xəstəliyi, İspaniya Krallığının Rioxa (La Rioja) Muxtar əyalətinin ərazisində süngərvari ensefalopatiya xəstəliyinin yayılması müəyyən edilib.
Bununla əlaqədar olaraq, Monteneqronun Danilovqrad şəhərindən bütün növ diri iribuynuzlu və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların, İsrail Dövlətinin Şimal dairəsindən bütün növ diri xırdabuynuzlu heyvanların və onlara aid məhsulların, İspaniya Krallığının Rioxa Muxtar əyalətindən diri iribuynuzlu heyvanların və onlara aid məhsulların, o cümlədən genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olan yemlərin, həmçinin OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Niderland Krallığının Şimali Brabant əyalətindən və Litva Respublikasının Kaunas dairəsindən bütün növ diri quş və quş məhsullarının, Fransanın Provans-Alp–Kot de Azur regionundan ölkəmizə diri donuz və donuz mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Monteneqrodan, İsrail Dövlətindən, Fransa, Litva Respublikasından, Niderland və İspaniya Krallıqlarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş