Qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı AQTA-nın sahibkarlara müraciəti:
14 Sentyabr 2018 00:00
Dəyərli iş adamları!
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 1 iyul 2018-ci il tarixindən etibarən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılmasına başlanılmışdır.
Ancaq, təəssüf ki, qeydiyyatın başlamasından xeyli vaxt keçməsinə və prosedurun kifayət qədər asan olmasına baxmayaraq, qida məhsulları sahəsində fəaliyyət göstərən bir çox sahibkarlıq subyektləri müəyyən olunmuş vaxt çərçivəsində qeydiyyatdan keçmək üçün müraciət etməmişlər.
Məlumat üçün bildiririk ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən (maddə 7), Azərbaycan Respublikasında qida məhsulları sahəsində çalışan subyektlərin fəaliyyəti qida təhlükəsizliyi üzrə mövcud texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyena, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə yoxlanılır, yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi üzrə qeydiyyata alınır. Qida təhlükəsizliyi üzrə qeydiyyata alınmış subyektlər dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir. Qanunun 7.3-cü maddəsinə əsasən Qida təhlükəsizliyi üzrə qeydiyyata alınmamış təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır.
Bununla bağlı olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərini öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə dəvət edir və bildirir ki, qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə bağlı, qanunvericiliyin tələbləri çərçivəsində ciddi tədbirlər həyata keçiriləcəkdir.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş