Yüksək patogen quş qripinə qarşı epizootoloji monitorinqlərin nəticələri açıqlanıb
27 Dekabr 2022 11:54
Dünyada yüksək patogenli quş qripi xəstəliyinə görə epizootoloji vəziyyət gərgin olaraq qalır və son bir ildə xəstəlik bir sıra ölkələrdə, xüsusən Avropada endemik formada təzahür edir. Xəstəliyin yayılması başlıca olaraq köçəri quşlar vasitəsilə, həmçinin xüsusi risk daşıyan quşçuluq məhsullarının idxalı zamanı baş verir.
Ölkə ərazisinə xəstəliyin keçməsinin qarşısının alınması üçün Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq təlimatlarına uyğun baytarlıq nəzarət tədbirlərinin yerinə yetirilməsi ilə yanaşı, köçəri quşların yaz və payız miqrasiya marşrutlarının keçdiyi bölgələrdə yerləşən sənaye müəssisələrində və ailə təsərrüfatlarında saxlanılan, habelə təbiət ərazilərindəki vəhşi quşlar əhatə olunmaqla epizootoloji monitorinqlər keçirilir.
Bu məqsədilə Qida Təhlükəsizliyi Agentliyin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşlarından ibarət İşçi qrupu yaradılıb.
Cari ilin 21-25 noyabr və 12-16 dekabr tarixlərində respublika ərazisində keçirilmiş epizootoloji monitorinqlərdə Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalarında və digər ərazilərdə çöl quşlarına ümumi baxış keçirilib.
Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə müxtəlif növ çöl quşlarından patoloji materiallar götürülüb. Bu müddətdə Bakı və Sumqayıt şəhərindəki, Sabirabad, Beyləqan, Cəlilabad, Lerik, Xaçmaz, Quba Şabran, Siyəzən, Lənkəran, Ucar, İmişli, Hacıqabul, Salyan və Abşeron rayonlarındakı sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində quşlardan, Bakı şəhəri, Abşeron, Şabran, Xızı, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı ailə təsərrüfatlarından isə müxtəlif növ ev quşlarından laborator müayinə üçün qan nümunələri götürülüb, ərazilərə ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb.
Monitorinqlər zamanı çöl və ev quşlarından götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində xəstəliyin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib.
Ölkənin xəstəliklə mübarizədə hazırlığının yüksək səviyyədə olmasının təmin edilməsi məqsədilə digər zəruri tədbirlərlə yanaşı, cari ilin 16-17 noyabr tarixlərində xüsusi təhlükəli xəstəliklər üzrə böhran vəziyyətinin idarə olunması üçün ixtisaslaşmış əməliyyat qruplarının assosiativ-simulyasiya təlimi təşkil edilib. Təlimdə quş qripi, dabaq və quduzluq xəstəlikləri baş verdiyi halda ölkədə böhran vəziyyətinin idarə olunması, səyyar laboratoriya diaqnostikasının aparılması, eləcə də bu sahədə fəaliyyət göstərən kadrların peşəkarlığının artırılması əsas hədəf olaraq müvafiq hazırlıq səviyyəsinin yüksəldilməsi üçün real xəstəlik vəziyyəti şəraitində 3 ədəd səyyar BSL-3 səviyyəli laboratoriya və digər zəruri texniki vasitələr sınaqdan keçirilib. Simulyasiya təlimi haqqında məlumat Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının internet səhifəsində yerləşdirilib (https://bit.ly/3PTMfRX; https://bit.ly/3i0dg9M).
Monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəliklərinə həssas heyvanlar arasında müşahidələr aparılıb, xəstə və ya tələf olmuş heyvanlara rast gəlinməyib.
Oxşar xəbərlər
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş