2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilib
18 May 2019 10:00
Mayın 17-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilib. Konfrans 25-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2019” sərgisi çərçivəsində həyata keçirilib.
Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikasının Turizm Agentliyinin sədri Fuad Nağıyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov, Gürcüstan Milli Qida Agentliyinin rəhbəri Zurab Çekuraşvili, Avropa İttifaqının Sağlamlıq və Qida Təhlükəsizliyi üzrə Baş Direktoratlığının siyasət məmuru Jan Bloumendal, dövlət və hökümət nümayəndələri, millət vəkilləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkədə qida təhlükəsizliyinin təmin olunması istiqamətində prioritet məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən Agentliyin sədri Qoşqar Təhməzli qeyd edib ki, 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransının keçirilməsində əsas məqsədlərdən biri qida təhlükəsizliyi sahəsində xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələri səmərəli şəkildə əlaqələndirmək, həyata keçirmək və bu istiqamətdə mütəmadi olaraq fikir mübadiləsi aparmaqdan ibarətdir. Q.Təhməzli bəyan edib ki, Agentlik bu sahədə beynəlxalq təşkilatlarla hər cür əməkdaşlığa və birgə fəaliyyətə hazırdır.
2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında Kodeks Alimentarius standartları, yerli qanunvericilik və beynəlxalq harmonizasiya, risklərə əsaslanan idxal qaydaları, HACCP sisteminin tətbiqi və qida təhlükisizliyi sahəsində fəaliyyət göstərən subyektlərin vəzifələri, qida təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiya sistemi və izlənilməsi mövzularında sessiya müzakirələri aparılıb.
Tədbirdə çıxış edən baş nazirin müavini Əli Əhmədov son illər ölkəmizdə aparılan islahatlar və qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı iştirakçılara məlumat verib. Qeyd edib ki, dövlətimizin başçısı tərəfindən həyata keçirilən kompleks tədbirlər əhalinin sağlam və təhlükəsiz qida ilə təmin olunmasına öz müsbət təsirini göstərməkdədir.
Konfransda Agentliyin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Türk Standartlar İnstitutu (TSE), Türkiyə Akkreditasiya Qurumu (TÜRKAK), ABŞ Meriland Universiteti, ABŞ - Azərbaycan Ticarət Palatası arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb.
Eyni zamada konfransda “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda qarşıya hədəf kimi qoyulmuş bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı ölkəmizin etibarlı tərəfdaş kimi beynəlxalq təşkilatlarla əməkdaşlığını daha da genişləndirəcək, kənd təsərrüfatı və qida sənayesi sektorları üzrə ixracatın inkişafına mühüm töhfə verəcək, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli və təhlükəsiz məhsulların istehsalına kömək edəcək.
Oxşar xəbərlər

Təhlükəli zoonoz xəstəlik — Qarayara
Qarayara — heyvanlardan insanlara keçə bilən zoonoz xəstəliklərdəndir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Heyvanlar bu infeksiyaya xəstəlik törədiciləri ilə çirklənmiş su və torpaq vasitəsi ilə yoluxur. Xəstəliyin əsas əlamətləri isə bunlardır: heyvan qəfil yıxılır, ağız və burun dəliklərindən qanlı köpük, anus dəliyindən isə qan axır, bir neçə dəqiqə ərzində ölüm halı baş verir. Qanda laxtalanma prosesi getmədiyindən, cəsəd qısa müddətdə köpür və bərkimir. Qarayara xəstəliyindən tələf olmuş heyvanların cəsədinin yarılması yolverilməzdir. Ölmüş heyvanın cəsədi yandırılma yolu ilə zərərsizləşdirilməlidir. İnsanlar xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat məhsulların istehlakı və digər ətraf mühit amilləri ilə bu xəstəliyə yoluxa bilər. Bu zaman yoluxmuş şəxs dərhal tibbi yardım almalıdır. Mal-qaranı qarayara xəstəliyindən qorumaq üçün heyvanların dövri peyvəndlənməyə cəlb olunması vacibdir. Xəstəlikdən qorunmağın ən təsirli yolu baytarlıq nəzarəti olmayan yerdən ət almamaqdır.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Xorvatiya Respublikasının Brodsko-Posavska inzibati ərazi vahidində, Danimarka Krallığının Şimali Yutlandiya regionunda, Türkiyə Respublikasının Kayseri vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

AQTA maarifləndirir: Təhlükəli zoonoz xəstəlik – Qarayara
Qarayara ən qorxulu zoonoz xəstəliklərdən biridir. Bu xəstəlik heyvanlarla yanaşı insanlar üçün də böyük təhlükə törədir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Xəstəliyə daha çox iri və xırdabuynuzlu heyvanlar, eləcə də at, maral və dəvələr həssasdır. Heyvanlar bu infeksiyaya bir çox hallarda xəstəlik törədiciləri ilə çirklənmiş su və torpaq vasitəsi ilə yoluxa bilərlər. Heyvanlarda xəstəliyin gizli dövrü olduqca qısadır, təxminən 1-3 gün çəkir. Xəstəliyin “ildırımvari” adlandırılan ən sürətli yayılma formasında isə heyvan qəfil yıxılır, ağız və burun dəliklərindən qanlı köpük, anus dəliyindən isə qan axır, bir neçə dəqiqə ərzində ölüm halı baş verir. Qanda laxtalanma prosesi getmədiyindən, cəsəd qısa müddətdə köpür və bərkimir. Qarayara xəstəliyindən tələf olmuş heyvanların cəsədinin yarılması yolverilməzdir. Ölmüş heyvanın cəsədi yandırılma yolu ilə zərərsizləşdirilməlidir. Bu infeksiya insanlara xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat və digər məhsulların istehlakı zamanı yoluxur. Bundan əlavə ölmüş heyvanın leşi, dərisi, daxili orqanları, qarayara sporları ilə çirklənmiş torpaq, su, hava və digər xarici mühit amilləri də yoluxmaya səbəb ola bilər. İnsanlarda xəstəlik daha çox əllərdə və bədənin digər nahiyələrində nekrozlaşmış yaraların əmələ gəlməsi, hərarətin yüksəlməsi, ağız boşluğunun selikli qişasının xorası və digər əlamətlərlə özünü büruzə verir. Qarayaraya yoluxmuş şəxs dərhal tibbi yardım almalıdır. Yaraya müdaxilə edilməsi, infeksiyanın yayılmasına səbəb ola bilər. Mal-qaranı qarayara xəstəliyindən qorumaq üçün heyvanların dövri peyvəndlənməyə cəlb olunması vacibdir. Xəstəlikdən qorunmağın ən təsirli yolu baytarlıq nəzarəti olmayan yerdən ət almamaq, eyni zamanda çarpaz çirklənmənin qarşısını almaq üçün heyvanların kəsildiyi yerlərin meyvə-tərəvəz və başqa qida məhsulları ilə təmas etməsinin qarşısını almaqdır.