28 sentyabr Ümumdünya Quduzluq Xəstəliyi ilə Mübarizə Günüdür
29 Sentyabr 2023 17:34
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH) hər ilin sentyabr ayının 28-ni dünyada quduzluqla mübarizə günü elan etmiş və 2030-cu ilə qədər sahibsiz itlər vasitəsilə xəstəliyə yoluxmanın qarşısının alınmasını məqsəd kimi qarşıya qoymuşdur. WOAH-nin məlumatına əsasən, hər il dünyada 70 minə yaxın insan quduzluqdan dünyasını dəyişir. İnsanların 99 %-i bu xəstəliyə quduz itlərin dişləməsi ilə yoluxur. Vəziyyətin aktuallığı və ciddiliyi nəzərə alınaraq, hər il 28 sentyabr “Ümumdünya Quduzluq Xəstəliyi ilə Mübarizə Günü” (World Rabies Day) kimi qeyd olunur.
Quduzluq xəstəliyinə diaqnoz epidemioloji məlumatlar, kliniki əlamətlər və laborator müayinələr əsasında qoyulur. Azərbaycan Qida Təhlükəsizliyi İnstitununun Mərkəzi Baytarlıq Laboratoriyası ölkə üzrə quduzluq xəstəliyinin müayinəsini həyata keçirən yeganə laboratoriyadır. Laboratoriyada quduzluq xəstəliyinin diaqnostikası WOAH tərəfindən təsdiqlənmiş müayinə üsulları vasitəsilə yüksək ixtisaslı peşəkar mütəxəssisləri tərəfindən həyata keçirilir. Belə ki, quduzluq xəstəliyinin müəyyən edilməsində əsasən molekulyar diaqnostika üsullarından biri olan PZR (Polimeraz Zəncirvari Reaksiyasından), seroloji müayinə üsullarından ELISA və IFR müayinə metodlarından istifadə olunur. PZR müayinə üsulunun əsas məqsədi patoloji materialda (xüsusən beyin nümunəsi) quduzluq virusunun təyin edilməsidir. IFR metodu isə quduzluq xəstəliyindən tələf olmuş heyvanların beyninin hər hansı bir hissəsindən götürülmüş nümunələrin hüceyrələrində Babeş-Neqri cisimciklərinin (antigenlərinin) aşkar olunmasından ibarətdir. Qeyd olunan müayinə üsulları beynəlxalq akkreditasiya qurumu olan TÜRKAK tərəfindən ISO-17025 standartının tələblərinə uyğun olaraq akkreditə olunub.
Həmçinin laboratoriyada quduzluq xəstəliyinin müayinəsində ELISA müayinə üsulundan da istifadə edilir ki, bu da diri heyvanların, əsasən it, pişik və tülkülərin qan nümunələrində anticisimlərin titrinə görə quduzluq xəstəliyinin diaqnostikasıdır. Bu müayinə üsulları vasitəsilə quduzluq xəstəliyinin diaqnostikasının bir neçə saat ərzində həyata keçirilməsi mümkündür.
Eyni zamanda cari il ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə aidiyyəti qurumlarla birgə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb. Peyvəndləmə ölkəmizdə ilk dəfə olaraq helikopterlə Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə aldadıcı yem vasitəsilə həyata keçirilib. Tərtib edilmiş xəritə və müəyyənləşdirilmiş marşrut üzrə relyef quruluşu nəzərə alınmaqla, təqribən 600 km məsafədə müvafiq normalara uyğun aldadıcı yem briketləri səpələnib.