Abşeron, Xırdalan, Salyan və Bakı məktəbliləri ilə “Sağlam məktəbli” layihəsi çərçivəsində görüş keçirilib
5 Aprel 2019 07:15
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda ümumtəhsil məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti görüşlər Bakı şəhəri Səbayıl rayonu 162 saylı tam orta məktəb, Salyan rayon 2 saylı tam orta məktəb, Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 nömrəli məktəb və Xırdalan şəhər M.Adıgözəlov adına 4 saylı tam orta məktəbinin şagirdləri ilə keçirilib. Tədbirdə şagirdlərə layihə haqqında ətraflı məlumat verilib, onlara “Qida zəncirinin mərhələləri”, “Qida məhsullarında etiket məlumatlarının vacibliyi” mövzularında videoçarxlar təqdim edilib.
Daha sonra Agentliyin mütəxəssisləri tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsulalrının qidaya təsiri, energetik içkilərin insan orqanizminə zərərləri, süd və süd məhsullarının faydaları barədə ətraflı məlumat verilib, şagirdlər arasında müxtəlif intellektual oyunlar keçirilib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara Agetlik tərəfindən hazırlanan maarifləndirici materiallar paylanılıb. AQTA tərəfindən həyata keçirilən “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi haqqında ətraflı məlumat verilib və onların müsabiqəyə qatılmaları tövsiyə olunub.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirlməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin cari ilin sonunadək Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Bolqarıstan Respublikasının Stara Zaqora vilayətində xırdabuynuzlu heyvanların çiçək, Çin Xalq Respublikasının Daxili Monqolustan muxtar regionunda dabaq, Macarıstanın Feyer bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Stara Zaqora vilayətində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanların, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına, Daxili Monqolustan muxtar regionunda xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən çütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, Feyer bölgəsində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Heyvanları nodulyar dermatit xəstəliyindən necə qorumaq olar?
Nodulyar dermatit iribuynuzlu heyvanların virus mənşəli xəstəliyidir. Mövsümi xarakter daşımaqla əsasən, yaz və yay aylarında həşəratların çoxaldığı dövrdə aktivləşir. Xəstəliyin əsas mənbəyi xəstə heyvanlar və digər virus daşıyıcılarıdır. Bu virus içməli su, yem, süd, şpris vasitəsi ilə və ya birbaşa təmas yolu ilə yayıla bilir. İnfeksiya qansoran həşəratların dişləməsi ilə ötürülür. Xəstəliyin yoluxma baş vermiş ərazilərdən heyvanların hərəkəti zamanı da yayılması mümkündür. Nodulyar dermatit zamanı heyvanların dərisində düyünlər yaranır. Bu xəstəlik yüksək hərarət, iştahasızlıq, dəridə 1-5 sm ölçüdə yumru düyünlər, əksər hallarda düyünlərin mərkəzində qaysağın əmələ gəlməsi, gözlərin sulanması, burun axıntısının çoxalması, çənəaltı və digər limfa düyünlərinin şişməsi, nadir hallarda boğaz heyvanlarda balasalma ilə müşahidə olunur. Nodulyar dermatit xəstəliyi ilə mübarizə məqsədilə mütləq heyvanlar arasında dövri peyvəndlənmə aparılmalı, sistematik olaraq həşəratlar əleyhinə preparatlardan istifadə edilməli, təsərrüfatlarda baytarlıq-sanitariya tədbirləri gücləndirilməlidir. Peyvəndlənmə dövlət vəsaiti hesabına müvafiq qurumlar tərəfindən aparılır. Peyvəndlənmə ilə yaranan immunitet vaksindən asılı olaraq, heyvanları 1 ildən artıq müddət ərzində xəstəlikdən qoruya bilər.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. 2024-cü il 30 sentyabr - 4 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı, Gəncə, Mingəçevir, Şəki şəhərləri və Cəlilabad, Ağcabədi, Tərtər rayonlarında fəaliyyət göstərən 34 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.