Ağcabədidə sahibkarlarla görüş keçirilib
24 May 2019 13:30
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən Ağcabədi rayonunda fitosanitar nəzarəti və bitki sağlamlığı ilə bağlı maarifləndirici təlim keçirilib. “Pambıq sovkasına qarşı inteqrir mübarizə” və “Pestisidlərdən səmərəli və təhlükəsiz istifadə” mövzusunda təşkil olunan təlimdə fermerlər, torpaq mülkiyyətçiləri və sahibkarlar iştirak ediblər. Görüşün keçirilməsində məqsəd respublika ərazisində fitosanitar vəziyyətin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi, bitkiçilikdə zərərli orqanizmlərlə mübarizənin elmi əsaslarla təşkili, fitosanitar sabitliyin qorunub saxlanılması, pestisidlərdən kortəbii istifadə zamanı bitki aləminə, ətraf mühitə və insan sağlamlığına ziyan vurulmasının qarşısının alınmasıdır.
Tədbirdə çıxış edən AQTİ-nin İdarə Heyəti sədrinin müşaviri Camal Quliyev pambıq sovkasına qarşı inteqrir mübarizə tədbirləri, tikanlı quş üzümü - zərəri, monitorinqi və mübarizə tədbirləri barədə iştirakçılara ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
Görüşdə sahibkarlar pestisidlərlə işləyərkən təhlükəsizlik və şəxsi gigiyena qaydaları ilə bağlı məlumatlandırılıb.
Daha sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, iştirakçılara bitki sağlamlığı sahəsində təlimat və bukletlər paylanılıb. Tədbir rayonun bitkiçilik sahələrinə aid istehsal yerlərində praktiki təlimlərlə yekunlaşıb.
Oxşar xəbərlər
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Bolqarıstan Respublikasının Stara Zaqora vilayətində xırdabuynuzlu heyvanların çiçək, Çin Xalq Respublikasının Daxili Monqolustan muxtar regionunda dabaq, Macarıstanın Feyer bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Stara Zaqora vilayətində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanların, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına, Daxili Monqolustan muxtar regionunda xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən çütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, Feyer bölgəsində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Heyvanları nodulyar dermatit xəstəliyindən necə qorumaq olar?
Nodulyar dermatit iribuynuzlu heyvanların virus mənşəli xəstəliyidir. Mövsümi xarakter daşımaqla əsasən, yaz və yay aylarında həşəratların çoxaldığı dövrdə aktivləşir. Xəstəliyin əsas mənbəyi xəstə heyvanlar və digər virus daşıyıcılarıdır. Bu virus içməli su, yem, süd, şpris vasitəsi ilə və ya birbaşa təmas yolu ilə yayıla bilir. İnfeksiya qansoran həşəratların dişləməsi ilə ötürülür. Xəstəliyin yoluxma baş vermiş ərazilərdən heyvanların hərəkəti zamanı da yayılması mümkündür. Nodulyar dermatit zamanı heyvanların dərisində düyünlər yaranır. Bu xəstəlik yüksək hərarət, iştahasızlıq, dəridə 1-5 sm ölçüdə yumru düyünlər, əksər hallarda düyünlərin mərkəzində qaysağın əmələ gəlməsi, gözlərin sulanması, burun axıntısının çoxalması, çənəaltı və digər limfa düyünlərinin şişməsi, nadir hallarda boğaz heyvanlarda balasalma ilə müşahidə olunur. Nodulyar dermatit xəstəliyi ilə mübarizə məqsədilə mütləq heyvanlar arasında dövri peyvəndlənmə aparılmalı, sistematik olaraq həşəratlar əleyhinə preparatlardan istifadə edilməli, təsərrüfatlarda baytarlıq-sanitariya tədbirləri gücləndirilməlidir. Peyvəndlənmə dövlət vəsaiti hesabına müvafiq qurumlar tərəfindən aparılır. Peyvəndlənmə ilə yaranan immunitet vaksindən asılı olaraq, heyvanları 1 ildən artıq müddət ərzində xəstəlikdən qoruya bilər.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. 2024-cü il 30 sentyabr - 4 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı, Gəncə, Mingəçevir, Şəki şəhərləri və Cəlilabad, Ağcabədi, Tərtər rayonlarında fəaliyyət göstərən 34 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.