Almaniya və Nepal federativ respublikalarının bəzi ərazilərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb
12 Aprel 2021 14:23
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Almaniya Federativ Respublikasının Şimali Reyn-Vestfaliya (Nordrhein-Westfalen), Nepal Federativ Respublikasının Karnali (Karnali) və Baqmati (Bagmati) inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Almaniya Federativ Respublikasının Şimali Reyn-Vestfaliya, Nepal Federativ Respublikasının Karnali və Baqmati inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Almaniya Federativ Respublikasından və Nepal Federativ Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Bəzi ərazilərdən heyvan və quş əti idxalına müvəqqəti məhdudiyyət qoyulub
Almaniya Federativ Respublikasının Brandenburq vilayətində və İsrail Dövlətinin Mərkəz dairəsində dabaq, Şotlandiyanın Anqus inzibati ərazi vahidində və Nigeriya Federativ Respublikasının Kano ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) rəsmi məlumatlar daxil olub.
Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər keçiriləcək
Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, 2025-ci ilin 13-17 yanvar tarixlərində növbəti epizootoloji monitorinqlər keçiriləcək. Bununla əlaqədar risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və həmin müddətdə respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər. Tədbirlər müddətində götürülmüş nümunələrin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq.
Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin tətbiqi davam etdirilir
Ölkədə heyvan sağlamlığının və təhlükəsiz heyvan mənşəli qida məhsulları istehsalının təmin olunması məqsədilə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) ölkə üzrə tətbiqi davam etdirilir. 2021-ci il 15 dekabr - 2025-ci il 8 yanvar tarixlərində respublika üzrə ailə-kəndli və fermer təsərrüfatlarında 446143 baş iribuynuzlu heyvan, 4302 baş at identikləşdirilərək, həm təsərrüfat, həm də heyvanlar haqqında məlumatlar elektron sistemə daxil edilib. Bununla bağlı olaraq, ölkə ərazisində mövcud olan iri və xırdabuynuzlu heyvanların və atların müvafiq təlimata uyğun identikləşdirilməsinin təmin edilməsi, bu məlumatların Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminə daxil edilməsi və digər məsələlərlə bağlı regionlarda müşavirələr keçirilir. Müşavirələrdə heyvanların identifikasiya olunmasının əhəmiyyəti barədə iştirakçılara geniş məlumat verilir. Qeyd edək ki, HİQS sistemi heyvanların məruz qaldığı xəstəlikləri, profilaktik və müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınaqı və nəticələri, heyvanın hərəkəti, həmçinin sahibləri və digər individual göstəriciləri barədə məlumatların unikal identifikasiya kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq, idarə olunmasını təmin edir. Həmçinin sistemin əsas fuksiyalarına tətbiq olunan preparatların orqanizmdən xaricolma müddətinin gözlənilməsi, alqı-satqısı, daşınması və kəsim dövründə heyvanlara nəzarət edilməsi, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə olunması daxildir.