AQTA bal yarmarkasına çıxarılacaq arıçılıq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət edəcək
11 Sentyabr 2019 11:33
28 sentyabr-18 oktyabr tarixlərdə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.
Bununla bağlı olaraq, Aqrar Tədqiqatlar Mərkəzinin konfrans zalında yarmarkaya son hazırlıq işləri, tətbiq ediləcək yeniliklər, arıçıları, eləcə də ictimaiyyəti maraqlandıran digər suallara həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişi Qalib Əbdüləliyev 20-ci Respublika Sərgi-Satış yarmarkasında satışa çıxarılması nəzərdə tutulan bal məhsullarının keyfiyyəti və təhlükəsizliyinə Azərbaycan Respublikasının Qida Təhlükəsizlilyi Agentliyi (AQTA) tərəfindən nəzarət olunacağını bildirib. Belə ki, Agentliyin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitunun əməkdaşları tərəfindən satışa çıxarılacaq bal və bal məhsullarından nümunələr götürülərək İnstitutun müvafiq laboratoriyalarında ekspertizaya cəlb ediləcək. Ekspertizalar zamanı məhsulların təhlükəsizliyi, eləcə də keyfiyyət göstəriciləri yoxlanılacaq və yalnız qida təhlükəsizliyi göstəriciləri uyğun olan məhsulların satışına icazə veriləcək.
Yarmarkada Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun ən müasir cihaz və avadanlıqlar ilə təchiz edilmiş səyyar laboratoriyası arıçılıq məhsullarının müayinələrinin aparılması üçün vətəndaşlara xidmət göstərəcək. İstehlakçılar aldıqları balın keyfiyyətinə əmin olmaq üçün məhsulu səyyar laboratoriyaya təqdim edə bilərlər.
Qeyd edək ki, yarmarkaya qeydiyyat müddəti sentyabrın 6-dan 11-dək olacaq. Yarmarkada iştirakçı sayı hər bir rayondan maksimum 40 nəfər olmaqla, növbəlilik əsasında müəyyən ediləcək.
Oxşar xəbərlər

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Latviyanın Vidzeme regionunda quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Latviya Respublikasının Vidzeme regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Vidzeme regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz: