AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
11 Noyabr 2018 16:00
Noyabrın 12-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüşüb.
Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə birgə təşkil olunan tədbirdə əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsinin qarşıda duran əsas vəzifə olduğunu bildirən Agentlik sədri ölkədə təhlükəsiz və beynəlxalq standartlara uyğun meyvə-tərəvəz istehsalının qida təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Bildirilib ki, son illər Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə həyata keçirilən islahatlar, kənd təsərrüfatı və qida sənayesi sektorlarında müasir standartların tətbiq olunması bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün geniş imkanlar yaradır və ixrac potensialının artırılmasına gətirib çıxarır.
Qida məhsulları idxal edən şirkətlərlə yanaşı, son 4 ay ərzində müsbət tarixçəsi olan meyvə-tərəvəz ixrac edən sahibkarlara da asanlaşdırılmış nəzarət sistemi tətbiq olunacacağını bildirən Agentlik sədri fəaliyyətləri dövründə ölkədən məhsul ixrac edərkən məhsullarının keyfiyyət göstəriciləri beynəlxalq standartlara uyğun olan şirkətlərə asan ixrac mexanizminin tətbiq olunacağını bildirib. Q. Təhməzli qeyd olunan göstəricilərə cavab verən sahibkarlıq subyektlərinin məhsullarının daha sadələşdirilmiş formada ekspertizalara cəlb olunacağını, bu da həmin məhsulların daha çevik formada ixracına şərait yaradacağını vurğulayıb.
Qida zəncirinin bütün mərhələlərində, eləcə də, qida məhsullarının tədarükü, qablaşdırılması, saxlanması, daşınması və dövriyyəsi zamanı qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyini vurğulayan Q. Təhməzli qida məshullarının istehsalı və ixracatı istiqamətində Agentlik tərəfindən bundan sonra da sahibkarlara hər cür metodiki köməkliyin göstəriləcəyini və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi işinin davam etdiriləcəyini bildirib.
Daha sonra meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarların problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz:

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.