AQTA-da ölkəyə heyvan idxal edən sahibkarlarla görüş keçirilib
23 Noyabr 2023 11:23
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) respublikamıza xarici ölkələrdən iri və xırdabuynuzlu heyvanlar idxal edən sahibkarlarla görüş olub.
Görüşdə AQTA sədrinin müavinləri Balarəhim Quliyev, Əziz Şərifov, Agentliyin şöbə müdirləri və sahibkarlar iştirak edib.
Tədbir respublikamıza xarici ölkələrdən iri və xırdabuynuzlu heyvanların idxalı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onları mövcud qanunvericilik və tələblər, o cümlədən heyvanların identifikasiyası işləri barədə məlumatlandırmaq, xidmətlərinin beynəlxalq tələblərə uyğun təşkilinə kömək göstərmək, həmçinin təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə keçirilib.
Görüşdə qida təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər, o cümlədən bu işdə müstəsna əhəmiyyətə malik olan Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu sistem heyvan xəstəliklərinin aşkarlanması və onlarla mübarizənin təşkili, habelə heyvan mənşəli məhsulların qida zənciri boyu izlənilməsində mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan xarici ölkələrdən respublikamıza gətirilən iri və xırdabuynuzlu heyvanların identikləşdirilməsinin zəruri olduğu sahibkarların diqqətinə çatdırılıb.
Görüşün sonunda sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.