AQTA-da Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib
24 Fevral 2023 15:33
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilən anım tədbiri keçirilib.
Mərasimdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü, azadlığı və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı qətliamının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğulayıb. XX əsrin dəhşətli və qəddarcasına törədilmiş soyqırımı cinayəti olan bu hadisənin məqsədli şəkildə həyata keçirildiyini, yüzlərlə Xocalı sakininin amansızlıqla qətlə yetirildiyini diqqətə çatdırıb.
Z.Mustafayeva həmçinin Azərbaycan tarixinin faciəli səhifələrindən biri olan Xocalı soyqırımına ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini, 1994-cü ildə Ulu Öndərin Xocalı faciəsi ilə əlaqədar xüsusi fərman imzaladığını qeyd edib. Eyni zamanda bildirib ki, bu gün Azərbaycan dövlətinin tarixi ədalətin bərpası istiqamətində apardığı məqsədyönlü siyasət, dünya azərbaycanlılarının və ictimai təşkilatların dəstəyi ilə təşkil olunan tədbirlər, o cümlədən Heydər Əlyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət” kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə yayılmasında, qəsbkarların əsl simasının açılmasında önəmli rol oynayır.
Tədbirin sonunda Xocalı soyqırımını əks etdirən videoçarx nümayiş olunub.
Oxşar xəbərlər

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə cari ilin 19-23 may tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin laborator müayinələri aparılacaq. Monitorinq çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.

Dabaq və quş qripi xəstəliyi ilə bağlı bəzi məhdudiyyətlər tətbiq olunub
Küveyt Dövlətinin Əl-Cəhra əyalətində dabaq, Kamboca Krallığının Kratex əyalətində, Liberiya Respublikasının Bonq bölgəsində, Vyetnam Sosialist Respublikasının Nqhe An, Tiyen Gianq, Tuyen Quanq, Lonq An, Quanq Tri əyalətlərində, Polşa Respublikasının Pomorsk inzibati ərazisində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (ÜHST) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə rəsmi məlumatlar daxil olub. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, dabaq xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan ərazilərdən cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, quş qripi xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən isə diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Quş qripi xəstəliyi ilə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Koreya Respublikasının Collabuk-do, Qyeonqsanqbuk-Do, Ceollanam-Do, Qyeonqqi-Do əyalətlərində, Danimarka Krallığının Paytaxt, Cənubi Danimarka regionlarında, Çex Respublikasının Vısoçina, Moraviya–Sileziya, Ustetsk, Kraloveqradetsk, Zlin, Pardubitsk diyarlarında, Moldova Respublikasının Soroka, Floreşti, Ştefan-Voda, Drokiya, Rezina, Șoldaneștı, Rışkanı, Dubısаri, Edinet, Qlоdеni, Straşeni, Kахul, Оrхеy rayonlarında, Slovakiya Respublikasının Trnavsk, Bratislava diyarlarında, Mozambik Respublikasının İnyambane əyalətində, Almaniya Federativ Respublikasının Brandenburq, Hessen vilayətlərində, Polşa Respublikasının Opolsk inzibati ərazisində, Amerika Birləşmiş Ştatlarının Montana, Miçiqan, Delaver, Florida, Şimali Karolina, Virciniya ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.