AQTA ev şəraitində hazırlanan konservləşdirilmiş məhsullarla bağlı xəbərdarlıq edib
2 Dekabr 2022 14:53
Ev şəraitində hazırlanan məhsulların qış aylarında istifadəsi halları daha çox müşahidə edilir. Bir çox insan meyvə və tərəvəzləri təkcə mövsümündə deyil, digər aylarda da istifadə edə bilməsi üçün ənənəvi üsullardan faydalanaraq, həmin məhsulları məişət şəraitində konservləşdirir. Bu kimi halların mövcudluğu qida təhlükəsizliyi ilə bağlı risk faktını ortaya qoyur.
Konservləşdirmə prosesinin düzgün aparılmaması nəticəsində tibbdə “Botulizm” adlanan qida zəhərlənmələrinə gətirib çıxararaq ölümə səbəb olur. İstehsal zamanı sanitar-gigiyenik qaydalara, sterilizasiya parametrlərinə, saxlanma rejiminə və ya taranın hermetikliyinə düzgün əməl edilmədikdə konservlər xarab olur.
Məhsulların konservləşdirilməsində istifadə olunan meyvə-tərəvəz yaxşı yuyulmadıqda onların üzərində torpaq hissəcikləri qalır ki, bu da torpaqda “yaşayan” botulizmə səbəb olan mikroorqanizmlərin konserv məhsuluna keçməsinə şərait yaradır. Onlar sporlarla çoxalır və yalnız müəyyən bir müddət 100° С-də qaynadıldıqda məhv olur. Botulizm törədiciləri oksigensiz şəraitdə inkişaf edir. Bundan başqa, konservləşdirilmiş məhsullarda digər mikroorqanizmlərin mövcudluğu səbəbindən məhsulun qapağının şişməsi halları baş verir. Bu məhsullar xarici görünüşünə görə xarab (zay) təsir bağışlayır. Belə ki, toxumalar yumşalır, yad qoxu gəlir, qaz yaranır, məhsulun suyu bulanıq olur və dadı dəyişir. Bu zaman konserv bankaları şişir və “bombaj” əmələ gəlir.
Ev şəraitində hazırlanan konserv istifadə edilərkən, müvafiq gigiyena və təhlükəsizlik qaydalarına çox ciddi şəkildə əməl edilməlidir. Qeyd edək ki, yalnız ev şəraitində hazırlanan konservlər deyil, ticarət obyektlərində satılan sənaye konservləri də saxlanma şəraiti, temperatur rejimi və s. tələblərə əməl olunmadıqda zəhərlənmələrə səbəb ola bilər. Buna görə də dükanlardan tərəvəz, balıq, ət və s. konservləri alındıqda, qablaşmaya fikir verilməlidir. Məhsul təzə olmalı (yararlılıq müddətinə diqqət edilməli), qapağı "şişməməli", metaldan olan konserv bankasının üzərində batıq yerləri olmamalıdır. Metal bankalarda olan balıq və ət konservləri açıldıqdan dərhal sonra digər qaba qoyulmalıdır.
Bununla əlaqədar olaraq, AQTA əhaliyə xəbərdarlıq edərək bildirir ki, konservləşdirilmiş məhsullardan istifadə zamanı həyat və sağlamlıq üçün tövsiyə olunan qaydalara ciddi şəkildə riayət olunmalı, bu cür məhsullarla bağlı hər hansı uyğunsuzluq aşkarlandıqda isə müvafiq dövlət qurumlarına və AQTA-nın “1003-Çağrı Mərkəzi”nə müraciət etsinlər.
Oxşar xəbərlər

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Latviyanın Vidzeme regionunda quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Latviya Respublikasının Vidzeme regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Vidzeme regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz: