AQTA ilə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC arasında anlaşma memorandumu imzalanıb
16 Noyabr 2018 00:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” Açıq Səhmdar Cəmiyyəti arasında anlaşma memorandumunun imzalanma mərasimi keçirilib. Memorandumda dövlət müəssisə və təşkilatları tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması və ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, bu məqsədlə qida zəncirinin bütün mərhələlərində dövlət müəssisə və təşkilatlarının zəruri qida ehtiyaclarının təmin olunması istiqamətində xidmətlərin təşkili, göstərilən xidmətlər haqqında tərəflərin qarşılıqlı əməkdaşlığının həyata keçirilməsi əksini tapıb.
Memorandumu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sədr müavini Balarəhim Quliyev və “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin Sədr müavini Elşən Əsədov imzalayıblar.
İmzalanma mərasimində çıxış edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sədr müavini Balarəhim Quliyev bildirib ki, son illər Azərbaycanda həyata keçirilə sosial-iqtisadi islahatlar kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Bu baxımdan əhalinin təhlükəsiz qida ilə təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Memorandum tərəflərin qarşılıqlı əlaqələrinin gücləndirilməsində, bununla da əhalinin, o cümlədən dövlət müəssisə və təşkilatlarının təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsində əhəmiyyətli rol oynayacaq.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin Sədr müavini Elşən Əsədov qeyd edib ki, aqrar sektorda tədarük zəncirinin formalaşdırılması, fermerlərin istehsal etdikləri məhsulların tədarük olunması istehsalçıları daha da stimullaşdırır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” Açıq Səhmdar Cəmiyyəti arasında imzalanan anlaşma memoradumu qida zəncirinin bütün mərhələlərində xidmətlərin keyfiyyətinin artırılmasını təmin edəcək.
Qeyd edək ki, memorandumunda birgə əməkdaşlığın istiqamətləri, tərəflərin öhdəlikləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitariya qanunvericiliyinin tələblərinə əməl edilməsi üçün onların maarifləndirilməsi, iqtisadi və hüquqi informasiya ilə təmin edilməsi üçün birgə tədbirlər görülməsi, habelə Cəmiyyət tərəfindən tədarük və təchiz olunan qida məhsulları istehsalçıları və satıcılarının qida təhlükəsizliyi qeydiyyatına cəlb olunması, onlara Agentliyin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu vasitəsilə konsaltinq və təlim xidmətlərinin göstərilməsi, zəruri hallarda Agentlik tərəfindən Cəmiyyətin tədarük və təchizat anbarlarında olan qida məhsullarından nümunələrin götürülməsi və qida təhlükəsizliyi tələblərinə uyğunluğunun qiymətləndirilməsi, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan qida məhsulları barədə məlumatların Cəmiyyətlə Agentlik arasında qarşılıqlı ötürülməsi, beynəlxalq proqramlarda birgə iştirak edilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi üçün tədbirlərin görülməsi, əhalinin həssas qruplarının sağlam qida ilə təmin edilməsi istiqamətində pilot layihələrin həyata keçirilməsi üçün birgə tədbirlər həyata keçiriləcəkdir.
Oxşar xəbərlər

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz:

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.