AQTA nəzarət məntəqələrinin fəaliyyətini gücləndirir
5 İyul 2018 00:00
Heyvan mənşəli qida məhsullarının istehlakı qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir. Bu məqsədlə əhalinin sağlam ət məhsulları ilə təmin olunması üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə və gigiyenik normalara uyğun fəaliyyətinin təşkili vacib şərtlərdəndir. Bununla əlaqədar olaraq Qida Təhlükəsizliyi Agentliyi müasir standartlara cavab verən qida təhlükəsizliyi nəzarəti məntəqələrinin formalaşdırılması istiqamətində işləri davam etdirir.
Hazırda Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə üzrə mövcud olan 111 Baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının bazasında monitorinqlər, maddi-texniki bazanın yaxşılaşdırılması və ixtisaslı kadrların cəlb edilməsi işləri həyata keçirilir. Həmin laboratoriyaların 31-i Bakı şəhərində, digərləri respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir.
Aparılan ilkin monitorinqlər və təkmilləşdirmə işləri nəticəsində onlardan 39-nun fəaliyyəti hazırda qənaətbəxş hesab olunub və onların bazasında Qida təhlükəsizliyi nəzarəti məntəqələri yaradılıb. Həmin məntəqələrin bazasında qalan digər baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının da maddi-texniki bazasının yaxşılaşdırılması, avadanlıq və ləvazimatlarla təmin olunması, infrastruktur və digər zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd olunan təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra həmin məntəqələr də tam gücü ilə fəaliyyətə başlayacaq.
Qeyd edək ki, qida təhlükəsizliyi nəzarəti məntəqələrində kəsim üçün nəzərdə tutulan heyvanlara ilkin baxışdan başlayaraq bakterioloji müayinələrə qədər heyvanların kliniki baxışı, termometrik və orqanoleptik müayinəsi, habelə süd və süd məhsullarının, quşçuluq və arıçılıq məhsullarının müayinəsi aparılacaq.
Oxşar xəbərlər
AQTA heyvan satışı bazarlarında monitorinqləri davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə epizootoloji stabilliyin qorunması, baytarlıq nəzarətinin təmin olunması, bu sahədə fəaliyyətlərin tənzimlənməsi məqsədilə heyvan satışı bazarlarında monitorinqlər davam etdirilir.
Quduzluq xəstəliyindən necə qorunmaq olar?
Quduzluq virus mənşəli olub sinir sisteminin iltihabı ilə səciyyələnən ağır infeksion zoonoz xəstəlikdir. Bu infeksiya növü ilə demək olar ki, bütün növ ev və kənd təsərrüfatı heyvanları, vəhşi heyvanlar, həmçinin insanlar yoluxur.
Respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə bir sıra ərazilərə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.