AQTA-nın Mətbuat Xidmətinin məlumatı
25 Sentyabr 2019 16:54
Bir sıra sosial şəbəkə səhifələrində leş əti satan və ya qanunsuz fəaliyyət göstərən hansısa müəssisənin məhsullarına Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “sertifikat”ların verilməsi ilə bağlı reallığı əks etdirməyən, əsassız məlumatlar yayılmaqdadır. Həqiqəti əks etdirməyən, insanlar arasında təşviş və çaşqınlıq yaradan bu cür böhtan xarakterli məlumatlar son illər əhalinin təhlükəsiz qida ilə təmin olunması istiqamətində hüquq-mühafizə orqanları və digər aidiyyəti qurumlarla birgə görülən irimiqyaslı işlərə, ortaya qoyulan nəticələrə kölgə salmaq məqsədi daşıyır.
Qeyd edək ki, AQTA fəaliyyətə başladığı gündən etibarən qida məhsullarının dövlət gigiyena qeydiyyatına alınaraq sertifikatlaşdırılması proseduru qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı ilə əvəz olunmuşdur. Bu, bir daha hansısa heyvan kəsimi və ictimai iaşə müəssisəsində emal olunan qida məshullarına AQTA tərəfindən sertifikatın verilməsi ilə bağlı yayılan xəbərin absurd və əsassız olduğunu sübut edir.
Məlum olduğu kimi 1 iyul 2018-ci il tarixindən etibarən AQTA tərəfindən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatı həyata keçirilir və onlara reyestrdən çıxarışlar təqdim olunur. Eyni zamanda həmin sahibkarlıq subyektlərinin fəaliyyət istiqamətinə uyğun risk dərəcələri müəyyənləşdirilir və buna görə dövri olaraq nəzarət tədbirləri həyata keçirilir. Nəzarət tədbirləri zamanı həmin müəssisələrdə AQTA mütəxəssisləri tərəfindən qanunsuz hallar aşkar olunduqda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür. Yəni qida təhlükəsizliyi qeydiyyatından keçmiş istənilən sahibkarlıq subyektinin gələcəkdə hər hansı qanunsuz əməllərlə məşğul olmayacağı üçün bu bir əsas deyil və elə buna görə də həmin sahibkarlıq subyektlərində dövri olaraq yoxlama-nəzarət tədbirləri həyata keçirilir.
Məlumat üçün bildiririk ki, Agentlik fəaliyyətə başladığı ilk gündən etibarən qanunsuz heyvan kəsimi fəaliyyəti və mənşəyi məlum olmayan ətlərin dövriyyədən çıxarılması istiqamətində mütəmadi nəzarət tədbirləri, reydlər həyata keçirir və bu cür qanunsuz fəaliyyətlərə qarşı qətiyyətli mübarizə bundan sonra da davam etdiriləcək. Təkcə onu deyə bilərik ki, AQTA əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində 2019-cu ilin yanvar-sentyabr ayları ərzində insan sağlamlığı üçün təhlükə yaradan 90 ton 294,649 kq ət və ət məhsulları dövriyyədən çıxarılaraq məhv edilib, bu kimi qanunsuz fəaliyyətlə məşğul olan onlarla şəxs haqqında məlumatlar hüquq-mühafizə orqanlarına təqdim olunmuşdur.
Xüsusi ilə qeyd etmək lazımdır ki, son günlər ictimaiyyət tərəfindən geniş maraq və nifrət doğuran “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov və onun cinayətkar dəstəsi də elə həmin məlumatların hüquq-mühafizə orqanlarına ötürülməsi və birgə keçirilən tədbirlər nəticəsində ifşa edilmişdir.
Agentlik bir daha bəyan edir ki, dövlət orqanının fəaliyyətinə dair rəsmi mövqeyə və faktlara əsaslanmayan, böhtan xarakterli, bu cür sifarişli məlumatların yayımlanması görülən əsaslı işlərə kölgə salmaq, insanlar arasında təşviş, eləcə də çaşqınlıq yaratmaq məqsədi daşıyır və qətiyyən yolverilməzdir.
Oxşar xəbərlər

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Latviyanın Vidzeme regionunda quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Latviya Respublikasının Vidzeme regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Vidzeme regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz: