AQTA-nın Mətbuat Xidmətinin məlumatı:
26 Oktyabr 2019 12:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, həmçinin istehlakçı hüquqlarının qorunması istiqamətində tədbirlər davam etdirir.
Son zamanlar Agentlik tərəfindən ictimai iaşə müəssisələrində aparılan monitorinqlər zamanı aşkar olunmuş bir sıra nöqsanlarla yanaşı, istehlakçı hüquqlarının pozulması hallarına sıx şəkildə rast gəlinir. Belə ki, əhaliyə xidmət göstərən ictimai iaşə müəssisələri tərəfindən müştərilərə təqdim edilən balıq və balıq məhsullarının adı, habelə keyfiyyəti ilə bağlı istehlakçıların aldadılması halları aşkar olunmaqdadır.
Həyata keçirilən monitorinqlər zamanı bir sıra ictimai iaşə müəssisələrində və şadlıq saraylarında əhaliyə “nərə” balığı adı altında keyfiyyəti və qiyməti aşağı olan, bəzi xüsusiyyətlərinə görə “nərə” balığına oxşayan “naqqa” balığının təqdim edildiyi aşkar olunmuşdur. Qeyd edək ki, naqqa balığı emal olunduqdan, yəni baş və quyruq hissələri kəsildikdən və təmizləndikdən, həmçinin bişirildikdən sonra nərəkimilərə aid balıqlara xas görünüşü olduğu üçün onları nərə balığından fərqləndirmək bir qədər çətinləşir. Naqqa balığının bu xüsusiyyətindən istifadə edən işbazlar istehlakçıları aldatmağa cəhd göstərirlər.
Məlum olduğu kimi, bu balıq növlərini fərqləndirmək üçün aşağıdakılara diqqət edilməlidir. Belə ki, nərə balığının bədən uzunu boyunca 5 uzanan özünəməxsus tikanabənzər sümüklü pulcuqları vardir və onlar təmizlənsə belə dəridə kobud şəkildə izləri qalır. Lakin, naqqa balığının dərisi demək olarki təmizdir, hamar səthdə heç bir çıxıntı və ya pulcuğa rast gəlinmir.
Əgər balığın dərisi tamamilə təmizlənib, sadəcə əzələ hissəsi qalıbsa, nərə balığında əzələlərarası növbəli şəkildə sarı yağ kütləsi olduğu halda, naqqa balığında bu, ağ rəngdədir. Bu göstərici, əsasən, daha iri kütləli növlərə aiddir. Tam bişmiş və heç bir halda fərqləndirici xüsusiyyət müşahidə olunmadıqda isə təqdim olunan məhsulun dadı ilə də fərqləndirmək mümkündür. Çünki naqqa balığı nərə balığına nisbətən daha spesifik dada malikdir.
Nərə balığının morfoloji xüsusiyyətləri aşağıdakılardır:
Nərələr, adətən, uzunsov bədən formasına və nisbətən uzun buruna malikdir, həmçinin dişsiz və hərəkətli ağzı, başın altında yerləşən ətli dodaqları vardır. Nərəkimilər (Acipenseriformes) dəstəsinə aid olan bu qədim balıqlar qığırdaqlı skeletə, akulaya bənzər quyruq üzgəcinə, ən əsas bədən boyu paralel uzanan 5 özünəməxsus sümüklü pulcuqlara, çox yaxşı inkişaf etmiş ağız aparatına və onun yanlarında həssas bığcıqlara malik olması ilə digər balıqlardan fərqlənir. Araşdırmalara əsasən, nərə balıqlarının uzunluğu yetkin dişi və erkək fərd olmaqla növlər arasında dəyişərək 1–2 metrə qədər, çəkiləri isə 100–1500 kq-a qədər ola bilər.
Naqqa balığını isə aşağıdakı xüsusiyyətlərinə görə müəyyən etmək olar:
Naqqa balığı dünyanın ən böyük şirin su balıq növlərindən biridir, uzunluğu 300 sm (3 metr) və çəkisi 150 kq-a çatır (adətən, boyu 1.3-1.6 m və çəkisi 15-20 kq arasında dəyişir).
Bir çox digər naxakimilərin növləri kimi, naqqa balığı aşağıdakı kimi xarakterizə edilə bilər:
• Uzun, üzəri həlməşik maye (mukus) ilə örtülmüş, pulcuğu az olan bədən örtüyünə və yandan düz bir quyruğa malikdir;
• Üçbucaq formalı başı bədən uzunluğunun təxminən 20%-ni təşkil edir;
• Geniş aralı burun deşiklərinə malik, yumru və düz buruna sahibdir
• Çox kiçik uclu dişləri olan böyük ağzı və kiçik gözləri vardır
• Üst çənədəki ağızın hər tərəfində iki böyük bığa və alt çənədə dörd qısa bığa malikdir;
• Balığın ümumi uzunluğunun təxminən 60%-ni təşkil edən böyük bir üzgəci vardır;
• Quyruq üzgəci isə, ümumiyyətlə, kiçikdir və yumrudur;
• Bədənin üst tərəfi tünd yaşımtıl qara rəngə, ağımtıl və ya sarımtıl qarın hissəsi isə boz-ağ rəngə malikdir.
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, istehlakçıların malların keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüquqları vardır.
AQTA əhaliyə müraciət edərək bildirir ki, ictimai nəzarəti həyata keçirərək, ictimai iaşə müəssisələrində, həmçinin ailə şənlikləri ilə bağlı şadlıq saraylarında təqdim edilən balıq məhsullarının təhlükəsizliyini və mənşəyini təsdiq edən sənədləri tələb etsinlər.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısını qətiyyətlə alacaqdır.
Oxşar xəbərlər

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Latviyanın Vidzeme regionunda quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Latviya Respublikasının Vidzeme regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Vidzeme regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz: