AQTA pambıq sahələrində maarifləndirmə tədbirlərini davam etdirir
6 İyul 2018 00:00




Qida Təhlükəsizliyi Agentliyi pambıqçılıq təsərrüfatlarında çalışan işçilərin təhlükəsizliyinin qorunması, pestisidlər, aqro-kimyəvi maddələr və digər bitki mühafizə vasitələrindən düzgün istifadə qaydalarının təşviqi ilə bağlı regionlarda maarifləndirici görüşlərini davam etdirir. Agentliyin əməkdaşları iyulun 5-də yerli və xarici şirkətlərin nümayəndələri ilə birgə Ağcabədi rayonunda yerləşən bir sıra pambıq sahələrinə baxış keçiriblər.
Agentliyin Fitosanitar nəzarəti şöbəsinin müdiri X. Dadaşova təsərrüfat rəhbərləri ilə görüş zamanı sanitar-gigiyena normaları və təhlükəsizlik texnikası qaydaları barədə ətraflı məlumat verərək bildirib ki, sahələrdə texniki təhlükəsizlik qaydalarına və tətbiq olunma təlimatına dəqiq, düzgün riayət edildikdə istifadə olunan pestisidlərin ətraf mühit və insan sağlamlığına mənfi təsir olmur, əksinə pestisidlərdən düzgün istifadə məhsul itkisinin qarşısını alır, məhsulun əmtəəlik keyfiyyətini yaxşılaşdırır. Şöbə müdiri həmçinin qeyd edibki, açıq tarla seminarlarının keçirilməsində əsas məqsəd pestisidlərin tətbiqini həyata keçirən iş icraçıları, torpaq mülkiyyətçiləri və fermerlər arasında təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsidir
Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb, pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına dair təlimatlar təsərrüfat rəhbərlərinə və pambıq sahəsində çalışan işçilərə paylanılıb.
Oxşar xəbərlər

Dünyada epizootik vəziyyətlə bağlı son vəziyyət – VİDEOMƏLUMAT
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib. Dünyadakı epizootik vəziyyətə nəzər saldıqda yüksək patogen quş qripi, blutanq, dabaq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, quşlarda Nyukasl xəstəliyi ilə bağlı vəziyyət daha ciddi hesab olunur.

İşğaldan azad edilmiş ərazilərdə epizootoloji monitorinq keçiriləcək
14-24 iyul tarixlərində işğaldan azad edilmiş ərazilərin fermer təsərrüfatlarında saxlanılan xüsusi təhlükəli xəstəliklərə həssas heyvanlar arasında klinik müşahidələr aparılacaq, laborator müayinələrin aparılması məqsədilə iri və xırdabuynuzlu heyvanlar, donuzlar, arı ailələri və atlardan diaqnostik nümunələr götürüləcək. Həmçinin təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və işğaldan azad edilmiş rayonların Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin mütəxəssisləri iştirak edəcəklər. Tədbir zamanı götürülmüş nümunələrin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq. Əldə edilmiş məlumatlar heyvan xəstəliklərindən azad zonanın yaradılması üçün tərtib olunan hesabata daxil ediləcəkdir.

Türkiyənin Çorum və Amasya vilayətlərində dabaq xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Türkiyə Respublikasının Çorum və Amasya vilayətlərində dabaq xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
