AQTA qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı növbəti xəbərdarlıq etdi
12 İyul 2018 00:00
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi tələblərinə, sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrinin sahiblərinə növbəti xəbərdarlıq edib.
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə bağlı olaraq Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi ilə məşğul olan şəxslərdən qanunsuz fəaliyyətlərini dayandırmağı tələb edir.
Agentlik xəbərdarlıq edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu cür fəaliyyətlərin aradan qaldırılması üçün qanunla müəyyən olunmuş qaydada tədbirlər həyata keçiriləcəkdir.
Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması üçün bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi bu ilin may ayından etibarən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərində, eyni zamanda heyvan kəsimi məntəqələrində monitorinqlər həyata keçirib.
Mövcud vəziyyətin öyrənilməsi və əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədi ilə həyata keçirilən monitorinqlərdə agentliyin əməkdaşları tərəfindən heyvan kəsimi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qanunvericiliyin tələbləri ilə yanaşı mərkəziləşmiş heyvan kəsimi məntəqələrinin fəaliyyəti ilə bağlı geniş məlumatlar verilmiş, maarifləndirici materiallar paylanılmışdır.
Oxşar xəbərlər
Masallı və Ağsu heyvan bazarları açılıb - VİDEO
Masallı və Ağsu rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar ərazisi asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb, həmçinin baytar həkimin nəzarəti üçün məntəqə tikilib. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Hazırda Abşeron, Cəlilabad və Xaçmaz heyvan bazarlarında intensiv təmir və rekonstruksiya işləri aparılır. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar və Kürdəmir rayonlarındakı heyvan bazarları fəaliyyətə başlayıb. Qeyd edək ki, bazarlar Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun yenidən qurulmalıdır. Yenidən qurulan heyvan bazarları isə yalnız Agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır -VİDEO
Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) epizootik sabitliyin qorunması və təhlükəsiz heyvan mənşəli qida məhsullarının istehsalının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu proses Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və ölkə üzrə baytarlıq nəzarətinin əsasını təşkil edir. Heyvanların identifikasiyası və qeydiyyatı Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən həyata keçirilir. Hər bir heyvana fərdi identifikasiya nömrəsi verilir və həmin nömrə vasitəsilə heyvanın həyat dövrü ərzində aparılmış peyvəndləmələr, müalicələr, profilaktik tədbirlər və digər baytarlıq prosedurları vahid məlumat bazasında qeydə alınır. HİQS sistemi heyvanın yoluxduğu xəstəlikləri, profilaktik və müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınağı və nəticələri, heyvanın hərəkəti, həmçinin sahibləri və digər individual göstəriciləri barədə məlumatların unikal identifikasiya kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq, idarə olunmasını təmin edir. Həmçinin sistemin əsas fuksiyalarına tətbiq olunan preparatların orqanizmdən xaricolma müddətinin gözlənilməsi, alqı-satqısı, daşınması və kəsim dövründə heyvanlara nəzarət edilməsi, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə olunması daxildir. “Fermadan süfrəyə” prinsipi çərçivəsində identifikasiya heyvanın doğulduğu təsərrüfatdan başlayaraq kəsim məntəqəsinə və son istehlak mərhələsinədək məhsulun mənşəyinin izlənməsini təmin edir. Bu, istehlakçıların təhlükəsiz və mənşəyi məlum olan məhsullarla təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi heyvan sahiblərini və fermerləri qanunvericiliyin tələblərinə uyğun olaraq təsərrüfatlarında olan heyvanları vaxtında identifikasiya və qeydiyyatdan keçirməyə çağırır. Bu, heyvan sağlamlığının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında heyvan xəstəliklərindən azad zonaların sərhədləri müəyyənləşdirilib
Ölkədə heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində bir sıra tədbirlər icra olunub. Məqsəd ölkədə epizootik sabitliyin gücləndirilməsi və heyvandarlıq sahəsinin inkişafının sürətləndirilməsidir. Azad zonaların yaradılması bir sıra heyvandarlıq məhsullarının ixracında maneələrin aradan qaldırılmasına, ixrac coğrafiyasının genişlənməsinə və tranzit imkanlarının artmasına şərait yaradacaq. Heyvan xəstəliklərindən azad zonalar Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının ərazilərini tam, Füzuli, Laçın və Xocavənd rayonlarının ərazilərini isə qismən əhatə edəcək. Digər azad zona isə tam əhatə etməklə Naxçıvan Muxtar Respublikasının ərazisində yaradılacaq. Belə ki, zonaların yaradılması məsələsi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Ali Baş Qərargahında müzakirə edilib və təşkilat tərəfindən dəstəyin göstərilməsi ilə bağlı razılıq əldə olunub. Həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və ÜHST-nin ekspertlərinin iştirakı ilə Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonlarının ərazisində azad zonaların sərhədləri müəyyən edilib və xəritəsi hazırlanıb. Eləcə də azad zona regionlarında fəaliyyət göstərən heyvandarlıq obyektlərinin koordinatları müəyyənləşdirilib və heyvanların identikləşdirilməsinə başlanılıb. Bununla yanaşı, heyvan xəstəliklərindən azad zonaların ÜHST tərəfindən tanınması üçün bir sıra əlavə tədbirlər görüləcək. Bunlara dabaq xəstəliyi üzrə FAO-nun Mərhələli Nəzarət Proqramı çərçivəsində ölkə səviyyəsinin növbəti mərhələyə keçirilməsi, yeni “Heyvan sağlamlığı haqqında” Qanunda müvafiq müddəaların əks etdirilməsi, zonalara giriş-çıxış nöqtələrində nəzarət postlarının yaradılması, azad zona hüdudları daxilində baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən müasir emal müəssisələrinin təşkili daxildir. Eyni zamanda azad zonalarda saxlanılan və ora köçürüləcək heyvanların peyvəndlənməsi, identikləşdirilməsi, mütəmadi epizootoloji monitorinqlərin aparılması və sərhədboyu bütün həssas heyvanların peyvəndlənməsi yolu ilə dabaq xəstəliyi üzrə immun zolağın yaradılması təmin olunmalıdır. Həmçinin identifikasiya olunmamış və müşayiətedici baytarlıq sənədləri olmayan heyvanların satış bazarlarına və rayonlararası, xüsusilə Bakı şəhərinə daşınmasının qarşısının alınması, eləcə də belə heyvanların bazarlara girişinin məhdudlaşdırılması nəzərdə tutulur. Qeyd edək ki, heyvanların identikləşdirilməsi və daşınması “Baytarlıq haqqında” Qanun və Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir.
Giriş