AQTA qanunvericiliyin tələblərinə cavab verən heyvan kəsimi məntəqələrinin mövcud olmadığı rayonların adlarını açıqlayıb
23 May 2024 12:34
![AQTA qanunvericiliyin tələblərinə cavab verən heyvan kəsimi məntəqələrinin mövcud olmadığı rayonların adlarını açıqlayıb](https://afsa.gov.az/resized/resize649/center/pages/9064/1682484502989.jpg)
Ölkə Prezidentinin “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” müvafiq Sərəncamının icrası ilə bağlı müasir tələblərə uyğun heyvan kəsimi məntəqələrinin yaradılması, baytarlıq-sanitariya normalarına cavab verməyən yerlərdə heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət qurumları ilə birgə tədbirlərini davam etdirir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Agentlik tərəfindən baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir stasionar və modul tipli heyvan kəsimi məntəqələrinin yaradılması məqsədilə müvafiq baytarlıq-sanitariya normaları hazırlanaraq qəbul edilib. Həmçinin kiçik və orta tutumlu heyvan kəsimi məntəqələri üçün texnoloji eskiz layihəsi hazırlanaraq yerli icra hakimiyyəti orqanlarına göndərilib. Həmin layihələr əsasında kəsim məntəqələrinin yaradılması istiqamətində regionlarda sahibkarlarla çoxsaylı maarifləndirici görüşlər keçirilib və mütəxəssislər tərəfindən onlara hərtərəfli metodiki kömək davam etdirilməkdədir.
Görülmüş işlər nəticəsində ölkə üzrə müasir baytarlıq-sanitariya tələblərinə uyğun kəsim məntəqələrinin sayı 83-ə çatdırılıb. Hansı ki, bu rəqəm Agentlik fəaliyyətə başladığı dövrdə 15 idi. Hazırda bu istiqamətdə fəaliyyətlər daha da genişlənməkdədir.
Ancaq təəssüflə qeyd etməliyik ki, ölkə ərazisi üzrə hələ də 14 rayonda qanuni heyvan kəsimi məntəqələrinin təşkili istiqamətində ləngimələr var və hazırda bu rayonların ərazisində bu cür kəsim məntəqələri fəaliyyət göstərmir. Qanuni heyvan kəsimi məntəqələrinin mövcud olmadığı rayonlar aşağıdakılardır:
1. Ağsu
2. Astara
3. Balakən
4. Beyləqan
5. Biləsuvar
6. Hacıqabul
7. Kürdəmir
8. Lerik
9. Neftçala
10. Qax
11. Saatlı
12. Ucar
13. Xızı
14. Yardımlı
Qeyd edək ki, sahibkarlar qanunvericilik çərçivəsində heyvan kəsimi məntəqələri yaratmaq üçün rayon icra hakimiyyətlərinə, mütəxəssislər tərəfindən peşəkar köməklik və baytarlıq-sanitariya normaları ilə bağlı məlumatları əldə etmək üçün Agentliyin müvafiq regional bölmələrinə müraciət edə bilərlər.
Oxşar xəbərlər
![Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlərin nəticələri açıqlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/10218/whatsapp-image-2025-02-05-at-105941-1.jpg)
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlərin nəticələri açıqlanıb
13-17 yanvar tarixlərində respublika ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş ərazilərdə vəhşi quşlara klinik baxış keçirilib, 64 baş müxtəlif növ vəhşi quşdan nümunələr götürülüb. Bundan əlavə, 30 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 300 baş, habelə 19 rayonun (şəhər) 206 ailə təsərrüfatından ümumilikdə müxtəlif növ 634 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilib, toplanmış epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar elektron sistemə daxil edilib. Monitorinqlər müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib.
![AQTA: Quş qripi aşkarlanan ərazilərdən riskli məhsulların idxalı məhdudlaşdırılır](https://afsa.gov.az/resized/resize224/center/pages/10217/whatsapp-image-2025-02-04-at-123014.jpg)
AQTA: Quş qripi aşkarlanan ərazilərdən riskli məhsulların idxalı məhdudlaşdırılır
Son illər dünyada yüksək patogen quş qripi xəstəliyi üzrə epizootoloji vəziyyət gərgin olaraq qalmaqdadır. Xəstəliyin dünyanın bütün regionlarında baş verməsi, xüsusilə Avropada endemik xarakter alması, quşlardan savayı məməlilər sinfinə aid suda və quruda yaşayan heyvanlarda da aşkar edilməsi, xəstəlik törədicisinin genetik xüsusiyyətlərində dəyişikliklərin meydana gəlməsi və digər amillər epizootiyanın genişlənməsinin əsas əlamətləri kimi göstərilə bilər. Ölkəmiz köçəri quşların yaz və payız miqrasiya marşrutlarının əhatəsində olduğu üçün sözügedən xəstəlik üzrə riskli coğrafi regionda yerləşir. Buna görə də xəstəliyin izlənməsi daimi olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən diqqət mərkəzində saxlanılır. Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) təqdim etdiyi məlumatlar əsasında xəstəlik baş verən ölkələrin müxtəlif ərazilərindən ölkəmizə riskli məhsulların idxalına məhdudiyyətlər tətbiq edilir. Hazırda xəstəlik aşkarlanan bir sıra ərazilər üzrə bu cür məhdudiyyətlər mövcuddur. Bununla yanaşı, dövri olaraq xəstəliyə qarşı epizootoloji monitorinqlər aparılır. Monitorinqlər aidiyyəti qurumlarla birgə köçəri quşların miqrasiya marşrutlarının keçdiyi bölgələrdə yerləşən sənaye müəssisələrində və ailə təsərrüfatlarında saxlanılan, habelə müvafiq təbiət ərazilərindəki vəhşi quşlar əhatə olunmaqla icra edilir. Bu zaman səyyar BSL 2+ biotəhlükəsizlik səviyyəli və digər laboratoriyaların potensialından istifadə olunur. Ötən illərdə və cari ilin yanvar ayında keçirilən monitorinq zamanı xəstəliyə şübhəli hal aşkar edilməyib. Qeyd edək ki, 2024-cü il noyabr ayında AQTA tərəfindən təqdim edilmiş hesabatlar nəzərə alınaraq, respublikamızın ərazisi ÜHST tərəfindən yüksək patogen quş qripindən azad ölkə kimi tanınaraq müvafiq status təsdiq edilib.
![Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/10214/whatsapp-image-2025-02-03-at-112540-2.jpg)
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 27-31 yanvar tarixlərində Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Şamaxı və Cəlilabad rayonlarında fəaliyyət göstərən 6 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır: