AQTA Qurban bayramı ilə bağlı brifinq keçirib
23 İyun 2023 14:20
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı günlərində heyvan kəsimi və satışı fəaliyyətlərinə həsr olunmuş brifinq keçirib. 20-yə yaxın media nümayəndəsinin iştirak etdiyi brifinq bayram günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması istiqamətində görülən işlər, həmçinin qurbanlıq heyvan kəsimi və satışı ilə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədilə təşkil edilib.
Brifinqdə bildirilib ki, qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi məqsədilə ölkə üzrə 138 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək. Onlardan 80-də qurbanlıq heyvanların kəsimi və satışı, 46-da yalnız satışı, 12-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim ediləcək. Bununla yanaşı, bir sıra regionlarda Agentliklə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək. Bu çərçivədə bu il ilk dəfə olaraq işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndində heyvan kəsimi üçün çadırlar quraşdırılıb.
Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə əlavə məlumat veriləcək. Vətəndaşların sözügedən ticarət şəbəkələrinin ünvanlarını əvvəlcədən öyrənə bilmələri üçün AQTA-nın saytında xüsusi link də yerləşdirilib.
Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda göstərilən xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, brifinqdə Azərbaycanda baytarlıq xidmətlərinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar, eləcə də baytarlıq və heyvan mənşəli məhsulların xarici bazarlara çıxarılması sahəsində əldə olunan uğurlar barədə də məlumat verilib. Eyni zamanda qurbanlıq heyvanların kəsimi və satışına ictimai nəzarətin təmin edilməsinin vacibliyi və bayram günlərində laboratoriyaların gücləndirilmiş rejimdə fəaliyyət göstərəcəyi haqqında danışılıb. Eləcə də Qurban bayramında 7 aylıqdan yuxarı yaşda olan erkək xırdabuynuzlu heyvanların kəsiminin həyata keçirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.
Onu da bildirək ki, AQTA əhalinin sağlam qida ilə təmin olunması və qida təhlükəsizliyi sahəsində maarifləndirilməsində media nümayəndələri ilə sıx əməkdaşlıq edir və jurnalistlərin bu istiqamətdə biliklərinin artırılmasını daim diqqət mərkəzində saxlayır.
Oxşar xəbərlər

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə cari ilin 19-23 may tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin laborator müayinələri aparılacaq. Monitorinq çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.

Dabaq və quş qripi xəstəliyi ilə bağlı bəzi məhdudiyyətlər tətbiq olunub
Küveyt Dövlətinin Əl-Cəhra əyalətində dabaq, Kamboca Krallığının Kratex əyalətində, Liberiya Respublikasının Bonq bölgəsində, Vyetnam Sosialist Respublikasının Nqhe An, Tiyen Gianq, Tuyen Quanq, Lonq An, Quanq Tri əyalətlərində, Polşa Respublikasının Pomorsk inzibati ərazisində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (ÜHST) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə rəsmi məlumatlar daxil olub. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, dabaq xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan ərazilərdən cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, quş qripi xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən isə diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Quş qripi xəstəliyi ilə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Koreya Respublikasının Collabuk-do, Qyeonqsanqbuk-Do, Ceollanam-Do, Qyeonqqi-Do əyalətlərində, Danimarka Krallığının Paytaxt, Cənubi Danimarka regionlarında, Çex Respublikasının Vısoçina, Moraviya–Sileziya, Ustetsk, Kraloveqradetsk, Zlin, Pardubitsk diyarlarında, Moldova Respublikasının Soroka, Floreşti, Ştefan-Voda, Drokiya, Rezina, Șoldaneștı, Rışkanı, Dubısаri, Edinet, Qlоdеni, Straşeni, Kахul, Оrхеy rayonlarında, Slovakiya Respublikasının Trnavsk, Bratislava diyarlarında, Mozambik Respublikasının İnyambane əyalətində, Almaniya Federativ Respublikasının Brandenburq, Hessen vilayətlərində, Polşa Respublikasının Opolsk inzibati ərazisində, Amerika Birləşmiş Ştatlarının Montana, Miçiqan, Delaver, Florida, Şimali Karolina, Virciniya ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.