AQTA sahibkarları və vətəndaşları prosesdə aktiv iştirak etməyə dəvət edir
29 Mart 2019 09:30
Bu gün ölkəmizdə qida sahəsində aparılan islahat xarakterli tədbirlər Cənab Prezident tərəfindən həyata keçirilən strateji yol xəritələrinin və islahatlar dalğasının növbəti bir mərhələsi və tərkib hissəsidir. Milli iqtisadiyyat perspektivləri üzrə həyata keçirilən islahatlar, kənd təsərrüfatı və qida sənayesi sektorunda müasir standartların tətbiqi, qida təhlükəsizliyinə nəzarət sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi böyük əzm və qətiyyətlə davam etdirilməkdədir.
Hazırda ölkəmizdə qida zənciri boyu məhsulların izlənilməsini, istehlakçıların və sahibkarların hüquqlarının qorunmasını özündə əks etdirən risk əsaslı yeni nəzarət sistemi qurulmaqdadır.
Nəzərə almaq lazımdır ki, bu istiqamətdə effektiv nəticələrin əldə olunması üçün hər bir vətəndaşın prosesdə iştirakı və həyata keçirilən tədbirlərə, tətbiq olunan yeniliklərə obyektiv münasibəti xüsusi əhəmiyyət daşıyır. Çünki qurulan yeni qida təhlükəsizliyi sistemi bu sahəyə ictimai marağı, vətəndaş mövqeyini və iştirakını tələb edir.
Təbii ki, ölkəmizdə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi və əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində həyata keçirilən islahat xarakterli tədbirlər bu sahədə uzun illərdən bəri insanların təhlükəsizliyi və gələcək nəsillərimizin sağlamlığı bahasına qanunsuz olaraq külli miqdarda gəlir əldə etmiş müəyyən şəxslər tərəfindən heç də xoş qarşılanmır. Ancaq əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində Agentlik tərəfindən aparılan yoxlama nəzarət tədbirləri zamanı aşkar olunan qanunsuz hallara qarşı qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçirilməkdədir.
Agentlik qida sahəsində həyata keçirilən nəzarət tədbirlərində şəffaflığın və effektivliyin daha da artırılması üçün sahibkarları və vətəndaşları prosesdə aktiv iştirak etməyə dəvət edir.
Agentliyin əməkdaşları tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən yoxlama-nəzarət tədbirləri, baytarlıq və fitosanitariya nəzarəti, idxal-ixrac proseslərində sənədləşmə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı zamanı sahibkar və ya hər hansı bir vətəndaş tərəfindən qanunsuz hal müşahidə olunarsa, bununla bağlı hüquq mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.
Qida sahəsində qanunsuz fəaliyyətlərin və pozuntuların vaxtında və operativ şəkildə qarşısının alınması üçün bir daha vətəndaşları prosesdə aktiv iştirak etməyə və neqativ hallarla bağlı Agentliyin 1003 “Qaynar xətt”inə və ya aidiyyəti üzrə hüquq mühafizə orqanlarına məlumat verməyə çağırırıq.
Oxşar xəbərlər

Təhlükəli zoonoz xəstəlik — Qarayara
Qarayara — heyvanlardan insanlara keçə bilən zoonoz xəstəliklərdəndir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Heyvanlar bu infeksiyaya xəstəlik törədiciləri ilə çirklənmiş su və torpaq vasitəsi ilə yoluxur. Xəstəliyin əsas əlamətləri isə bunlardır: heyvan qəfil yıxılır, ağız və burun dəliklərindən qanlı köpük, anus dəliyindən isə qan axır, bir neçə dəqiqə ərzində ölüm halı baş verir. Qanda laxtalanma prosesi getmədiyindən, cəsəd qısa müddətdə köpür və bərkimir. Qarayara xəstəliyindən tələf olmuş heyvanların cəsədinin yarılması yolverilməzdir. Ölmüş heyvanın cəsədi yandırılma yolu ilə zərərsizləşdirilməlidir. İnsanlar xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat məhsulların istehlakı və digər ətraf mühit amilləri ilə bu xəstəliyə yoluxa bilər. Bu zaman yoluxmuş şəxs dərhal tibbi yardım almalıdır. Mal-qaranı qarayara xəstəliyindən qorumaq üçün heyvanların dövri peyvəndlənməyə cəlb olunması vacibdir. Xəstəlikdən qorunmağın ən təsirli yolu baytarlıq nəzarəti olmayan yerdən ət almamaqdır.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Xorvatiya Respublikasının Brodsko-Posavska inzibati ərazi vahidində, Danimarka Krallığının Şimali Yutlandiya regionunda, Türkiyə Respublikasının Kayseri vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

AQTA maarifləndirir: Təhlükəli zoonoz xəstəlik – Qarayara
Qarayara ən qorxulu zoonoz xəstəliklərdən biridir. Bu xəstəlik heyvanlarla yanaşı insanlar üçün də böyük təhlükə törədir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Xəstəliyə daha çox iri və xırdabuynuzlu heyvanlar, eləcə də at, maral və dəvələr həssasdır. Heyvanlar bu infeksiyaya bir çox hallarda xəstəlik törədiciləri ilə çirklənmiş su və torpaq vasitəsi ilə yoluxa bilərlər. Heyvanlarda xəstəliyin gizli dövrü olduqca qısadır, təxminən 1-3 gün çəkir. Xəstəliyin “ildırımvari” adlandırılan ən sürətli yayılma formasında isə heyvan qəfil yıxılır, ağız və burun dəliklərindən qanlı köpük, anus dəliyindən isə qan axır, bir neçə dəqiqə ərzində ölüm halı baş verir. Qanda laxtalanma prosesi getmədiyindən, cəsəd qısa müddətdə köpür və bərkimir. Qarayara xəstəliyindən tələf olmuş heyvanların cəsədinin yarılması yolverilməzdir. Ölmüş heyvanın cəsədi yandırılma yolu ilə zərərsizləşdirilməlidir. Bu infeksiya insanlara xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat və digər məhsulların istehlakı zamanı yoluxur. Bundan əlavə ölmüş heyvanın leşi, dərisi, daxili orqanları, qarayara sporları ilə çirklənmiş torpaq, su, hava və digər xarici mühit amilləri də yoluxmaya səbəb ola bilər. İnsanlarda xəstəlik daha çox əllərdə və bədənin digər nahiyələrində nekrozlaşmış yaraların əmələ gəlməsi, hərarətin yüksəlməsi, ağız boşluğunun selikli qişasının xorası və digər əlamətlərlə özünü büruzə verir. Qarayaraya yoluxmuş şəxs dərhal tibbi yardım almalıdır. Yaraya müdaxilə edilməsi, infeksiyanın yayılmasına səbəb ola bilər. Mal-qaranı qarayara xəstəliyindən qorumaq üçün heyvanların dövri peyvəndlənməyə cəlb olunması vacibdir. Xəstəlikdən qorunmağın ən təsirli yolu baytarlıq nəzarəti olmayan yerdən ət almamaq, eyni zamanda çarpaz çirklənmənin qarşısını almaq üçün heyvanların kəsildiyi yerlərin meyvə-tərəvəz və başqa qida məhsulları ilə təmas etməsinin qarşısını almaqdır.