AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib
6 Dekabr 2019 17:17
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Gürcüstanda səfərdədir. AQTA sədri Qoşqar Təhməzli dekabrın 6-da Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Büstün önünə gül dəstələri düzülüb, Ümummilli Liderin xatirəsi ehtiramla yad olunub. Agentliyin sədrini Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər müşayiət ediblər.
Gürcüstana səfəri çərçivəsində Agentlik sədri Qoşqar Təhməzli Gürcüstanın Kənd Təsərrüfatı və ətraf mühit naziri Levan Davitaşvili ilə görüşüb. Q.Təhməzli bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Münasibətlərimizin belə yüksək səviyyəyə çatmasında dövlət və hökumət başçılarımızın xüsusi rolu olub. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir. AQTA-nın geniş tərkibli nümayəndə heyətinin Gürcüstana səfəri də bunu sübut edir.
Q.Təhməzli dövlət başçısı tərəfindən aparılan institusional islahatlar çərçivəsində yaradılmış Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin missiyası və fəaliyyət istiqamətləri ilə bağlı iştirakçılara geniş məlumat verib. Əhalinin sağlam qida məhsulları ilə təmin olunması üçün agentlik tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, AQTA ölkədə qida təhlükəsizliyinin, insanların sağlam və təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunması istiqamətində çox mühüm işlər həyata keçirməkdədir. Bu sahədə beynəlxalq əməkdaşlığa da xüsusi diqqət yetirib. Avropa Qida Təhlükəsizliyi Agentliyi və bir sıra digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. AQTA qida sahəsində idxal-ixrac məsələlərinə, ticarət dövriyyəsində qida təhlükəsizliyinə böyük əhmiyyət verir. Aşağı, orta və yuxarı riskli məhsullara sərhəd keçid məntəqələrində nəzarət də AQTA-nın fəaliyyət dairəsindədir. Səfərin əsas məqsədlərindən biri də bu işlərlə bağlı gürcü həmkarlar və müvafiq dövlət qurumları, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi ilə fikir və təcrübə mübadiləsi aparmaq, bu sahədə əməkdaşlığı gücləndirməkdir.
Levan Davitaşvili bildirib ki, Gürcüstan bütün sahələrdə dost Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır: «Bu gün biz kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan ilə sıx əməkdaşlıq edirik. Azərbaycanlı həmkarlarımla tez-tez əlaqə saxlayırıq və qarşılıqlı maraq doğuran məsələləri müzakirə edirik. İnanıram ki, AQTA nümayəndə heyətinin Gürcüstana səfəri bizim əməkdaşlıq dairəmizi daha genişləndirəcək və bu əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq». L.Davitaşvili nazirliyin tərkibində fəaliyyət göstərən Milli Qida Agentliyinin fəaliyyəti, ölkəsində əhalinin təhlükəsiz qida və kənd təsərrüfatı məhsulları ilə təmin olunması istiqamətində görülən işlər, bu sahədə Avropa İttifaqı ilə imzalanmış sənədlər barədə məlumat verib. Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə də əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
Görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə əməkdaşlıq haqqında saziş layihəsinin hazırlanaraq imzalanması imkanları nəzərdən keçirilib, xəstəlik və zərərvericilərdən azad zonaların yaradılması, sərhədyanı ərazilərdə fitosanitar monitorinqlərin keçirilməsi və zərərvericilərə qarşı birgə mübarizənin aparılması, sertifikatların elektron mübadiləsi mexanizminin təşkili və sahibkarlıq subyektlərinin qeydiyyatı ilə bağlı digər dövlətlərlə əməkdaşlıq mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində AQTA sədri Qoşqar Təhməzli Gürcüstanın Milli Qida Agentliyində olub.
Azərbaycan nümayəndə heyətinin üzvləri Gürcüstanda qida təhlükəsizliyi, ziyanvericilərə qarşı mübarizə və digər məqsədlər üçün nəzərdə tutulmuş avadanlığa baxış keçiriblər. Sonra Gürcüstan Milli Qida Agentliyində görüş olub. Q.Təhməzli rəhbərlik etdiyi qurumun fəaliyyəti, gördüyü işlər və beynəlxalq əməkdaşlığı barədə məlumat verib. Görüşdə qida zəncirinin bütün mərhələlərində qida məhsullarının izlənilməsi və geri götürülməsi sisteminin təşkili üzrə təcrübə mübadiləsinin aparılması, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Tərəflər qida təhlükəsizliyinin müxtəlif xidmətləri üzrə mütəxəssislərin mübadiləsi, subyektlərin qida təhlükəsizliyi qeydiyyatının tətbiqi, kadr hazırlığının gücləndirilməsi üzrə fikir mübadiləsi aparıblar. Bundan başqa AQTA sədri Q. Təhməzli Gürcüstan Ətraf mühit və Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyasına baş çəkib. Həmin laboratoriyanın iş fəaliyyəti ilə yaxından tanış olub. Eyni zamanda Azərbaycan nümayəndə heyəti Gürcüstanda ət emalı müəssisəsində dövlət nəzarətinin həyata keçirilməsi prosesini izləyib. Bu sahədə görülən işlərlə yaxından tanış olub, təcrübə mübadiləsi aparılıb. Həmçinin səfər çərçivəsində nümayəndə heyəti “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində olub. İdxal-ixrac əməliyyatlatlarının həyata keçirilməsi prosesini izləyib.
Oxşar xəbərlər
Yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Rusiya Federasiyasının Leninqrad vilayətində xırdabuynuzlu heyvanların çiçək, Pakistan İslam Respublikasının Sind, Pəncab regionlarında nodulyar dermatit, Hindistan Respublikasının Çhattisqarh, Karnataka, Madya Pradeş, Qücərat, Pəncab, Madhya-Pradeş, Uttar-Pradeş, Cammu-Kəşmir, Haryana, Bihar ştatlarında və Haryana ştatının Pançkula, Madhya-Pradeş ştatının Cabua, Maxaraştra ştatının Parbhani inzibati ərazi vahidlərində, Botsvana Respublikasının Kqatlenq dairəsində, Rusiya Federasiyasının Başqırdıstan, Tatarıstan, Komi respublikalarında, Rumıniyanın Teleorman inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, WOAH -nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, qeyd olunan ərazilərdə bu xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə adıçəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Bolqarıstan Respublikasının Kırcali vilayətində xırdabuynuzlu heyvanların çiçək, Amerika Birləşmiş Ştatlarının Cənubi Dakota, Şimali Dakota, Ayova, Tennessi, Yuta ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Kırcali vilayətində xəstəlik baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanların, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların, Cənubi Dakota, Şimali Dakota, Ayova, Tennessi və Yuta ştatlarında isə xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinə üzv seçilib
Azərbaycan Respublikası Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) İdarəetməyə Nəzarət Komitəsinin üzvü seçilib. Komitədə Azərbaycan, Çin, Avstraliya, Avstriya, Norveç, İrlandiya, Kanada, Çili də daxil olmaqla, ümumilikdə, 16 dövlət təmsil olunur. Bu il ÜHST-nin 91-ci Ali Baş Sessiyasında yaradılan komitənin məqsədi sözügedən təşkilatın normativ sənədlərinin yenilənməsi, maliyyə idarəçiliyi və dünyada sahə üzrə prioritet məsələlərin tənzimlənməsi vəziyyətinin monitorinqinin aparılması və təkmilləşdirilməsindən ibarətdir. Komitənin işi ÜHST-nin Baş Qərargahında yerləşən katiblik tərəfindən koordinasiya ediləcək. Üzv ölkələrin nümayəndələri arasında müxtəlif görüşlərin keçirilməsi, müvafiq sahələr üzrə məsləhətçi və ekspertlərin də iştirakı nəzərdə tutulur. Komitə tərəfindən “İnstitusional, texniki və maliyyə idarəçiliyi üzrə qiymətləndirilmənin nəticələrinə dair hesabat” hazırlanaraq ÜHST-nin rəhbərliyinə təqdim olunacaq. Ölkəmizi İdarəetməyə Nəzarət Komitəsində Azərbaycanın ÜHST-dəki nümayəndəsi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edəcək. Qeyd edək ki, son illər AQTA tərəfindən ölkədə heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması, habelə ətraf mühitdə biotəhlükəsizliyin pozulmasına səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə heyvan sağlamlığı sahəsində regional əməkdaşlığın gücləndirilməsi ÜHST tərəfindən yüksək qiymətləndirilir. Belə ki, ölkəmiz dabaq xəstəliyi üzrə Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə məsləhət qrupuna sədr, həmçinin ÜHST-nin “Avropa heyvan rifahı platforması”nın rəhbər komitəsinə üzv seçilib. Cari ildə ölkəmizin xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliklərindən azad olma statusu ÜHST tərəfindən təsdiqlənib. Heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində icra edilən institusional islahatlar nəticəsində ölkəmizə yüksək etimad göstərilərək Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının İdarəetməyə Nəzarət Komitəsinə üzv seçilib.