AQTA Şəki və Zaqatalada sahibkarlarla maarifləndirici görüşlər keçirib
3 Avqust 2018 00:00
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) regionlarda maarifləndirmə tədbirlərini davam etdirir. Avqustun 3-də Agentliyin əməkdaşları Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi və Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə birgə bu sahədə fəaliyyət göstərən iş adamları üçün Şəki və Zaqatala rayonlarında maarifləndirmə tədbirləri keçirib.
Maarifləndirmə tədbirləri çərçivəsində AQTA-nın əməkdaşları tərəfindən fındıq istehsalçılarına kif göbələklərinin fındığa mənfi təsirləri, aflotaksinin əmələ gəlmə səbəbləri, aflatoksinin fındıqda yaranmasının qarşısını alınması yolları ilə bağlı ətraflı məlumatlar verilib. Sahibkarlara yığım mövsümündən ən azı 5-10 gün əvvəl sahədə olan alaq otlarının təmizlənməsi, məhsulun yığımının isə yerdən fındıq tam yetişdikdən sonra həyata keçirilməsi tövsiyə olunub.
Bildirilib ki, yerli məhsulların təhlükəsizliyinə nəzarət sisteminin gücləndirilməsi məqsədiylə “tarladan süfrəyə” prinsipinin tətbiqi ilə yüksək keyfiyyətə malik məhsullarının beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Keçirilən görüşlər zamanı fındıq istehsalı və ixracı ilə məşğul olan fermerlərin, ixrac və satış şirkətlərinin biznes fəaliyyətinin tənzimlənməsi müzakirə olunub, fındıq ixracının genişləndirilməsi aspektində fikir mübadiləsi aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb, onlara fındıqda aflotaksinin yaranma səbəbləri və problemin həlli yolları ilə bağlı təlimatlar paylanılıb.
Tədbirin sonunda Qida Təhlükəsizliyi Agentliyinin qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, habelə ixraca dəstək fəaliyyəti çərçivəsində istehsalçılara köməklik göstərilməsi işinin bundan sonra da davam etdiriləcəyi bildirilib.
Oxşar xəbərlər
İmişli heyvan bazarının fəaliyyətinə icazə verilib
İmişli rayonu, Otuziki kəndi ərazisində yerləşən “Muğan Aqro” MMC-yə məxsus heyvan bazarının fəaliyyətinə icazə verilib. Belə ki, bazarda baytarlıq-sanitariya norma və qaydalarının tələblərinə uyğun olaraq tikinti və yenidənqurma işləri aparılıb. İşçi qrupu tərəfindən bazara yerində baxış və qiymətləndirmə keçirilib. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.
İmişli və Beyləqan heyvan bazarları açılışa hazırdır - Video
Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarına əsasən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarının baytarlıq-sanitariya tələblərinə uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər davam edir. Artıq İmişli və Beyləqan rayonlarında yerləşən heyvan bazarlarında da biotəhlükəsizlik və müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işləri aparılıb. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar ərazisi asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb və baytar həkimin nəzarəti üçün məntəqə tikilib. Bundan başqa, qida təhlükəsizliyinin təmin olunması və sanitar vəziyyətin yaxşılaşdırılması məqsədilə hər iki bazarın ərazisində fəaliyyət göstərən iaşə obyektləri kənarlaşdırılıb. İmişli və Beyləqan heyvan bazarlarının açılması məsələsinə baxılacaq. Daha ətraflı məlumatı videosujetdən əldə edə bilərsiniz:
Şamaxı və Göyçay heyvan satışı bazarları açıldı
Şamaxı və Göyçay rayonlarında yerləşən heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılıb. AQTA tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən hər iki bazarın fəaliyyətə başlaması ilə bağlı qərar verilib. Bazarlarda sanitar-gigiyenik və baytarlıq tələblərinə uyğun şərait yaradılıb. Qeyd edək ki, daha əvvəl Bərdə, Salyan və Göygöl heyvan satışı bazarlarının fəaliyyətinə icazə verilmişdi. Agentlik bildirir ki, bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş