AQTA tərəfindən Şəki-Zaqatala regionunda fitosanitar monitorinqlər həyata keçirilib
26 İyul 2019 13:51
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Şəki-Zaqatala regionunda fitosanitar monitorinqlər həyata keçirilib. Monitorinqlərin aparılmasında əsas məqsəd əkinlərin fitosanitar vəziyyətinin qiymətləndirilməsi, eyni zamanda aqrokimyəvi maddələrin və pestisidlərin istifadəsinə nəzarətin həyata keçirməsidir.
Monitorinqlər zamanı kənd təsərrüfatı məhsullarında nitratların, pestisidlərin və ağır metalların qalıq miqdarının normadan artıq olmadığı müşahidə edilib.
Müşahidələr çərçivəsində AQTA əməkdaşları tərəfindən təsərrüfat sahiblərinə maarifləndirici məlumatlar da verilib. Bildirilib ki, əkindən öncə torpağın analizini həyata keçirmək, eyni zamanda aqrokimyəvi maddələrdən və pestisidlərdən düzgün istifadə etmək, məhsul yığmına üç həftə qalmış isə onların tətbiqini dayandırmaq lazımdır. Qeyd olunan şərtlərə əməl edilərsə, fermerlər həm sağlam məhsul əldə edər, həm də ətraf mühitin ekoloji çirklənməsinin qarşısı alınar.
Monitorinqlər bostan əkinləri ilə yanaşı fındıq bağları, tütün əkinləri və qeyri-əkin sahələrində də aparılıb. Müşahidələr zamanı fındıq bağlarında unlu şeh (Phyllactinia guttata) xəstəliyi, qeyri əkin sahələrində isə karantin alaq otu olan yovşanyarpaqlı ambroziya (Ambrosia artemisiifolia) ilə sirayətlənmə aşkar edilib. Aşkar olunan zərərvericilərə qarşı zəruri fitosanitar tədbirlər həyata keçirilib.
Oxşar xəbərlər
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Lixtenşteyn Knyazlığının Şellenberq şəhərində və Fransa Respublikasının Bretan regionunda blutanq, Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Şellenberq şəhərində və Bretan regionunda xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların, Oklahoma ştatında xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinə üzv seçilib
Azərbaycan Respublikası Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) İdarəetməyə Nəzarət Komitəsinin üzvü seçilib. Komitədə Azərbaycan, Çin, Avstraliya, Avstriya, Norveç, İrlandiya, Kanada, Çili də daxil olmaqla, ümumilikdə, 16 dövlət təmsil olunur. Bu il ÜHST-nin 91-ci Ali Baş Sessiyasında yaradılan komitənin məqsədi sözügedən təşkilatın normativ sənədlərinin yenilənməsi, maliyyə idarəçiliyi və dünyada sahə üzrə prioritet məsələlərin tənzimlənməsi vəziyyətinin monitorinqinin aparılması və təkmilləşdirilməsindən ibarətdir. Komitənin işi ÜHST-nin Baş Qərargahında yerləşən katiblik tərəfindən koordinasiya ediləcək. Üzv ölkələrin nümayəndələri arasında müxtəlif görüşlərin keçirilməsi, müvafiq sahələr üzrə məsləhətçi və ekspertlərin də iştirakı nəzərdə tutulur. Komitə tərəfindən “İnstitusional, texniki və maliyyə idarəçiliyi üzrə qiymətləndirilmənin nəticələrinə dair hesabat” hazırlanaraq ÜHST-nin rəhbərliyinə təqdim olunacaq. Ölkəmizi İdarəetməyə Nəzarət Komitəsində Azərbaycanın ÜHST-dəki nümayəndəsi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edəcək. Qeyd edək ki, son illər AQTA tərəfindən ölkədə heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması, habelə ətraf mühitdə biotəhlükəsizliyin pozulmasına səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə heyvan sağlamlığı sahəsində regional əməkdaşlığın gücləndirilməsi ÜHST tərəfindən yüksək qiymətləndirilir. Belə ki, ölkəmiz dabaq xəstəliyi üzrə Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə məsləhət qrupuna sədr, həmçinin ÜHST-nin “Avropa heyvan rifahı platforması”nın rəhbər komitəsinə üzv seçilib. Cari ildə ölkəmizin xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliklərindən azad olma statusu ÜHST tərəfindən təsdiqlənib. Heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində icra edilən institusional islahatlar nəticəsində ölkəmizə yüksək etimad göstərilərək Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının İdarəetməyə Nəzarət Komitəsinə üzv seçilib.
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər davam etdirilir
Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, 2024-cü ilin 16-20 dekabr tarixlərində növbəti epizootoloji monitorinq keçiriləcək. Bununla əlaqədar risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və həmin müddətdə respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər. Tədbirlər müddətində götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələrə cəlb olunacaq. Monitorinqlərin keçirildiyi dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə də müşahidələr aparılacaq, xəstə və ya tələf olmuş heyvanlara rast gəldikdə isə diaqnostik nümunələr götürüləcək.