AQTA və “ABAD” publik hüquqi şəxs işğaldan azad olunmuş ərazilərdə yeni layihəyə start verdi
9 Dekabr 2020 12:47
Layihənin həyata keçirilməsində əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə əhalinin əsas məşğuliyyətlərindən biri olan heyvandarlığın, həmçinin heyvan kəsimi fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, istehlakçıların sağlam ət və ət məhsulları ilə təmin olunması, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlverişli biznes mühitinin formalaşdırılmasından ibarətdir. İnşa ediləcək yeni heyvan kəsimi məntəqələrində zoonoz xəstəliklərin nəzarətdə saxlanılması, heyvandan insana keçən xəstəliklərin qarşısının alınması ilə yanaşı, həmin ərazilərdə heyvan sağlamlığı və baytarlıq nəzarəti mexanizmlərinin qısa zamanda təşkil olunması da təmin ediləcəkdir.
Həmin ərazilərdə yeni heyvan kəsimi məntəqələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) vəsaiti hesabına yaradılacaqdır. Layihə çərçivəsində mikro və kiçik sahibkarlıq subyektləri ilə iş təcrübəsini nəzərə alaraq, “ABAD” publik hüquqi şəxs layihə iştirakçılarının seçimində iştirak edəcək, onların potensialını və biznes idarəetmə səriştəliliyini dəyərləndirib, ət kəsimi sahəsi üzrə “ABAD”çılar yetiştirəcək və onlara “ABAD” dəstək proqramına daxil olan xidmətlər göstərəcək.
İlkin olaraq Ağdam rayonunun Quzanlı qəsəbəsində müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin qurulması ilə bağlı müvafiq təşkilati işlər həyata keçirilmiş, heyvan kəsimi məntəqəsinin tikiləcəyi ərazi müəyyənləşdirilmişdir. Yeni heyvan kəsimi məntəqələrində AQTİ tərəfindən laboratoriyalar qurulacaq, kəsimə və dövriyyəyə çıxarılacaq ət və ət məhsullarına baytarlıq-sanitariya nəzarəti təmin olunacaqdır.
Bütün bunlarla yanaşı, layihənin icrası yerli sahibkarlara peşəkar dəstəyin göstərilməsi və müasir tələblərə cavab verən xidmətlərin təşkilində yeni imkanlar yaradacaqdır. Yeni kəsim məntəqələrində fəaliyyət göstərəcək sahibkarların, eləcə də işə cəlb ediləcək texniki heyətin təlimləri Agentliyin əvvəl icra etdiyi layihələrdən əldə olunan təcrübə əsasında aidiyyəti qurumlarla birgə həyata keçiriləcəkdir.
Qeyd edək ki, layihənin icrası ilə bağlı işğaldan azad olunmuş ərazilərdə yaradılacaq müasir heyvan kəsimi məntəqələri və həmin məntəqələrdə fəaliyyət göstərəcək laboratoriyalara ixtisaslı mütəxəssislərin və texniki heyətin cəlb edilməsi ilə bağlı elanlar yaxın günlərdə ictimaiyyətə təqdim olunacaqdır.
Oxşar xəbərlər

Albaniyanın bəzi bölgələrində xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Albaniya Respublikasının Dibra və Şkoder bölgələrində xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Dibra və Şkoder bölgələrində zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların, həmçinin bu ev heyvanlarından alınan məhsulların idxalına, habelə tranzitinə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Latviyanın Vidzeme regionunda quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Latviya Respublikasının Vidzeme regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Vidzeme regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.