AQTİ ictimai iaşə və istehsal müəssisələrinin əməkdaşları üçün təlimləri davam etdirir
29 Sentyabr 2022 12:53
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin əməkdaşlar üçün nəzəri-praktiki təlimləri davam etdirir.
AQTİ mütəxəssisləri tərəfindən ictimai iaşə və istehsal müəssisələrinin əməkdaşları üçün keçirilən növbəti təlim "HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi" mövzusuna həsr olunub. Təlim iştirakçılarına HACCP sisteminin yaranması, inkişaf tarixi, prinsipləri və üstünlükləri haqqında geniş məlumat verilib.
Qeyd edilib ki, HACCP qida təhlükəsizliyinin idarə edilməsi üçün mühüm əhəmiyyət kəsb edən, qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir. Bu sistem qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün mümkün təhlükə və risklərin qiymətləndirilib nəzarətə götürülməsini hədəfləyir, eyni zamanda qida zəncirinin bütün mərhələlərində iştirak edən müəssisələrdə asanlıqla tətbiq oluna bilir.
Daha sonra iştirakçılara "ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi: Qida zəncirində iştirak edən müəssisələr üçün ümumi tələblər" və "ISO 22000 Standartının üstünlükləri, HACCP sistemi ilə ISO 22000:2018 arasındakı əlaqə" mövzuları ətraflı izah olunub.
İştirakçıların suallarının cavablandırılması ilə davam edən təlimin sonunda onlara sertifikatlar təqdim edilib.
Oxşar xəbərlər

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq bəzi məhdudiyyətlər tətbiq olunub
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Çin Xalq Respublikasının Sincan Uyğur muxtar regionunda xırdabuynuzlu heyvanların taun, Andorra Knyazlığının Ordino inzibati ərazi vahidində blutanq, Tunis Respublikasının Aryana, Ben-Arous, Beca, Qafsa, Cenduba, Mahdiya, Manuba, Sfax, Silyana, Susa, Zaqvan, Kebili, Medenin vilayətlərində, Koreya Respublikasının Collanam-do əyalətində, Slovakiya Respublikasının Trnavsk, Bratislava diyarlarında isə dabaq xəstəliyi aşkarlanıb. Bundan başqa, Polşa Respublikasının Podkarpatsk, Malopolsk inzibati ərazilərində, Şimali Makedoniya Respublikasının Poloq regionunda Nyukasl, Kamboca Krallığının Kamponq Çnanq, Prea Sianuk əyalətlərində, Şotlandiyanın Haylənd inzibati ərazi vahidində, Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi ştatında, Polşa Respublikasının Sventokşisk inzibati ərazisində, Nigeriya Federativ Respublikasının Kaduna, Zamfara ştatlarında, Toqo Respublikasının Mərkəz, Maritaym vilayətlərində, Banqladeş Xalq Respublikasının Kxulna vilayətində, Hindistan Respublikasının Karnataka ştatında, Toqo Respublikasının Maritaym vilayətində, İngiltərənin Şimal-Şərqi İngiltərə regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, diri iri və xırdabuynuzlu heyvanların, onlara aid məhsulların, habelə diri quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Rusiya Federasiyasının Başqırdıstan, Buryatiya, Tatarıstan respublikalarında, Zabaykalsk diyarında, Çelyabinsk vilayətində nodulyar dermatit, Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunda xırdabuynuzlu heyvanların çiçək, Macarıstanın Borşod-Abauy-Zemplen, Dyör-Moşon-Şopron inzibati ərazi vahidlərində, Amerika Birləşmiş Ştatlarının Aydaho, Alabama, Nebraska, Qərbi Virciniya, Corciya, Vaşinqton ştatlarında isə qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək
Respublika ərazisində quş qripi xəstəliyinə qarşı 7-11 aprel tarixlərində epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatları və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər əraziləri əhatə etməklə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq. Həmçinin quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinq çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar beynəlxalq sistemə daxil ediləcək. Monitorinq Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları və mütəxəssisləri ilə birlikdə həyata keçiriləcək. Tədbir müddətində götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələrə cəlb olunacaq.