AQTİ-nin “Süfrə” jurnalının növbəti sayı çapdan çıxıb
14 Noyabr 2019 16:30
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyi və sağlam qidalanmanın təşviqi ilə bağlı istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Cəmiyyətimizdə gedən inkişaf, yeni tendensiyalar, qida təhlükəsizliyi ilə bağlı ciddi dəyişiklikləri qaçılmaz edir. Bu işdə ən vacib məqamlardan biri də istehsalçıların və istehlakçıların maarifləndirilməsidir.
Qida təhlükəsizliyi və qida sektoru ilə bağlı ən aktual məlumatları özündə əks etdirən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mətbu orqanı olan elmi-kütləvi jurnalın növbəti nömrəsi çapdan çıxıb.
Nəfis tərtibatda və yüksək keyfiyyətlə çapdan çıxan “Süfrə” jurnalı geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Jurnalın təsis edilməsində əsas məqsəd əhalinin sağlam qidalanma, qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, həmçinin Azərbaycan əhalisinin təhlükəsiz qida ilə təmin olunması, bu istiqamətdə dövlət miqyasında həyata keçirilən tədbirlər barədə məlumatların ictimaiyyətə çatdırılmasıdır.
Jurnal bir-birindən maraqlı rubrikalarla oxucuların görüşünə gəlib.
Belə ki, “Süfrə” jurnalının bu sayında qida mövzusunda müxtəlif oxucu kateqoriyası üçün maraqlı olan məlumatlar, qida təhlükəsizliyi ilə bağlı ölkəmizdə aparılan elmi araşdırmalar, qida məhsulları alarkən diqqət etməli olduğumuz məqamlarla bağlı maarifləndirici yazılar yer alıb.
Jurnalın əvvəlki nömrəsində olduğu kimi bu sayında da bir-birindən maraqlı müsahibələr yer alıb.
“Fikir üçbucağı” rubrikasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, “Həkim sözü” rubrikasında ölkəmizdə orqan transplantasiyası üzrə peşəkar həkim-cərrah Mircəlal Kazımi ilə geniş oxucu auditoriyası üçün maraqlı olacaq müsahibələr dərc edilib.
Jurnalın “Bələdçi” rubrikasında xəbərlər, yeniliklər, trendlər, eləcə də “Fikir üçbucağı” rubrikasında “Qida təhlükəsizliyində qanunvericilik”, “Qida Akademiyası” rubrikasında “Qida zəhərlənmələrinə qarşı ozon tətbiqi”, “Enerji içkilərinin fəsadları”, “Trans yağlardan necə qorunmalı?”, “Yaxşı yumurtanı seçmək metodu” başlıqlı məqalərlər dərc olunub. Bundan başqa “Bizdə yoxdur” rubrikasında “Avropada ərzaq israfçılığına qarşı yeni trendlər”, “Obyektivdə” rubrikasında “Fotoqraf-illüstrator Karl Uorner: Qida sənətdir”, “Yoxlama” rubrikasında “Milli referens laboratoriyasında toyuq analizi” mövzusunda maraqlı məqalələr yer alıb. “Gigiyena” rubrikasında isə “Dönərxana necə olmalıdır?” başlıqlı məqalədə dönər və dönərxana seçimində 7 qızıl qayda dərc olunub. Yazıda dönər, şaurma, burger hazırlanarkən sanitar-gigiyenik qaydalara əməl edilməsi, fəsd-fud sistemində çalışan şəxslərin uniformalı olması, dönər üçün kəsim məntəqələrində baytarlıq möhürü vurulmuş ətdən istifadə edilməsi, ətin düzgün daşınmasına qədər vacib məqamlar yer alıb. “Faydalı” rubrikasında isə təbiblərin ədviyyatı hesab olunan zərdəçalın möcüzəsi dərc olunub. Zərdəçalın orqanizmdəki şlaklar, toksinlər, digər zərərli maddələrin təmizləməsindən, şiş hüceyrələrinin inkişafını dayandırmasından, mədə-bağırsaq sistemi üçün faydalarından yazılıb. Jurnal maraqlı rubrikalarla qida zəncirinin bütün mərhələlərində iştirak edən tərəflərin öz məsuliyyətini dərk etməsi və istehlakçıların hüquqlarının müdafiə olunması işinin təşkilində təbliğat və maarifləndirmə ilə bağlı əhəmiyyətli rol oynayacaq.
“Süfrə” jurnalını əldə etmək üçün 012-565-12-72 (daxili nömrə 553) telefon nömrəsi əlaqə saxlaya bilərsiniz.
Oxşar xəbərlər

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Latviyanın Vidzeme regionunda quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Latviya Respublikasının Vidzeme regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Vidzeme regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz: