“Avropa İttifaqına meyvə və tərəvəz məhsullarının ixrac olunması” mövzusunda videokonfrans keçirilib
18 İyun 2022 20:32
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı, Latviya və Polşa respublikalarındakı ticarət nümayəndəliklərinin iştirakı ilə meyvə-tərəvəz məhsullarının istehsalçıları və ixracatçıları assosiasiyaları və sahibkarlarla videokonfrans formatında görüş keçirilib. Videokonfransda Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları, Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları, Azərbaycan Zəfəran İstehsalçıları və İxracatçıları, Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları assosiasiyalarının rəsmiləri, eləcə də nar, pomidor və zəfəran istehsal edən müəssisələrin rəhbərləri iştirak ediblər.
“Avropa İttifaqına meyvə və tərəvəz məhsullarının ixrac olunması” mövzusuna həsr olunmuş tədbirdə Agentlik sədri Qoşqar Təhməzli Azərbaycan ilə Avropa İttifaqının (Aİ) önəmli tərəfdaş olduğunu vurğulayıb. Sədr, həmçinin AQTA ilə Aİ-yə üzv ölkələrin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirildiyini bildirib, məhsulları Avropa Birliyinə ixrac edilməsi planlaşdırılan müəssisələrin lazımi prosedurlardan keçirilməsi və onlara metodiki köməkliyin göstərilməsi məqsədilə AQTA tərəfindən həyata keçirilən işlər barədə məlumat verib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Latviyadakı ticarət evinin nümayəndəsi ticarət nümayəndəliyinin 2018-ci ildən fəaliyyət göstərdiyini və bizim sahibkarların Avropa bazarına çıxması üçün hər bir dəstəyin göstərilməsində hazır olduqlarını bildirib.
Daha sonra Avropa İttifaqına, xüsusən Latviya, Polşa respublikalarına meyvə və tərəvəz məhsullarının ixracının genişləndirilməsi üçün mövcud potensial və perspektivlər müzakirə olunub. Avropa İttifaqı bazarına alternativ bazar olaraq Azərbaycan məhsullarının ixracında sahibkarlar, ticarət nümayəndəlikləri və Agentlik birgə işlər görərək bu ixracın artırılması istiqamətində tədbirlərin görülməsi barədə razılığa gəliblər.
Videokonfransda assosiasiya rəhbərləri tərəfindən qaldırılan məsələlər dinlənilib, təkliflərin nəzərə alınacağı, eyni zamanda Agentlik tərəfindən sahibkarlıq subyektlərinə lazımi metodiki dəstəyin bundan sonra da davam etdiriləcəyi bildirilib. Sahibkarlar bu istiqamətdə tədbirlər görəcəyini, istehsal etdikləri məhsulların, eləcə də müəssisələrin beynəlxalq Avropa standartlarına uyğunlaşdırılmasında işlərin davam etdiriləcəyini bildiriblər.
Oxşar xəbərlər

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Latviyanın Vidzeme regionunda quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Latviya Respublikasının Vidzeme regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Vidzeme regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz: