Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi damazlıq heyvan idxalçılarına xəbərdarlıq edir
13 Yanvar 2020 16:31
Son illər damazlıq heyvandarlığa marağın yüksəlməsi bu sahədə, xüsusilə idxal prosesi zamanı bir sıra prosedurlara ciddi əməl olunması zərurətini meydana çıxarıb. İdxal edilən heyvanların damazlıq keyfiyyətlərinin respublikamızın damazlıq strategiyasına uyğunluğu və heyvanların idxal olunduğu ölkə və zonaların xəstəlikdən azad olması ən vacib şərtlərdəndir.
Eyni zamanda, heyvanların cins tərkibinin yaxşılaşdırılması ölkədə təkcə heyvanların sayını deyil, həm də yüksək məhsuldarlığa malik heyvan cinslərini artırmaqla məhsul istehsalının yüksəldilməsinə nail olmağı nəzərdə tutur. Buna görə də yüksək sinifli, nəsil şəcərəsi bilinən və məhsuldar cinslər yetişdirilən Avropa ölkələrindən (Almaniya, Avstriya, Fransa, Hollandiya, İtaliya, Norveç, İsveç, Danimarka, Böyük Britaniya) damazlıq heyvan idxalı məqbul hesab olunur. Ona görə də postsovet ölkələrinin epizootik durumunun stabil olmadığını və heyvanların damazlıq göstəricilərinin identifikasiya sistemi üzərindən tam izlənilmədiyini nəzərə alaraq, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən yalnız epizootik vəziyyəti stabil olan ölkələrdən damazlıq heyvanların alınmasına maliyyə dəstəyi göstəriləcək.
İdxal edilən heyvanın müəyyən edilən tələblərə uyğunluğunu təsdiq etmək üçün idxalçı fermer və ya sahibkarlar tərəfindən heyvanların yetişdirildiyi damazlıq təsərrüfatı haqqında zəruri məlumatlar - heyvanların damazlıq sertifikatı, doğulduğu və yetişdirildiyi təsərrüfat, ölkə, bölgə, ünvan məlumatları, təsərrüfatın fəaliyyət növü və tətbiq edilən seleksiya-damazlıq proqramı haqqında göstəricilər Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunmalıdır. Məlumatlar təhlil edildikdən sonra damazlıq heyvanların idxalına münasibət müsbət olduğu halda sahibkar Nazirlikdən verilmiş cavab məktubunu digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə təqdim etməlidir.
İxracatçı ölkənin epizootik vəziyyəti Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) əldə edilmiş məlumatlar əsasında qiymətləndirilir. Bu məlumatlar iki qrupa bölünür: a) təcili bəyan edilən məlumatlar, b) epizootik vəziyyət barədə dövri məlumatlar.
Bu barədə www.oie.int veb səhifəsindən əldə etmək olar.
Sahibkarlıq subyektləri idxal ediləcək damazlıq heyvanlara dair baytarlıq rəyi (icazəsi) almaq üçün idxaldan əvvəl Qida Təhlükəsizliyi Agentliyinə regional bölmələr vasitəsilə, elektron formada aşağıdakı sənədləri təqdim etməlidir;
- Ərizə
- Kənd Təsərrüfatı Nazirliyinin razılıq məktubu
- İxracatçı ilə bağlanmış müqavilənin surəti
- Heyvanların beynəlxalq baytarlıq (sağlamlıq) sertifikatının surəti
- Heyvanların mənşə sertifikatının surəti
Heyvanların daşınma marşrutu üzrə tranzit icazələrinin alınmasına zərurət yarandıqda icazənin alınması üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əvvəlcədən tranzit ölkəyə müraciət olunmalıdır. Tranzit icazə müqavilədə göstərilmiş sayda heyvanlara şamil olunur. Müxtəlif növ heyvanların idxalı üzrə baytarlıq tələblərini Qida Təhlükəsizliyi Agentliyinin www.afsa.gov.az veb səhifəsindən əldə etmək olar.
Oxşar xəbərlər

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Latviyanın Vidzeme regionunda quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Latviya Respublikasının Vidzeme regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Vidzeme regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz: