Bakıda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Kommunikasiya üzrə Milli Əlaqələndiriciləri üçün Regional Seminar işə başlayıb
18 Oktyabr 2023 10:56
Bu gün Bakıda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Kommunikasiya üzrə Milli Əlaqələndiriciləri üçün Regional Seminarın işinə start verilib.
18-20 oktyabr tarixlərini əhatə edən tədbir Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə ÜHST-nın birgə təşkilatçılığı və Avropa İttifaqının (Aİ) dəstəyi ilə təşkil olunub. Seminarda AQTA, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ÜHST və Aİ-nin məsul şəxsləri və əməkdaşları iştirak edir.
Seminar Kommunikasiya üzrə Milli Əlaqələndiricilər üçün infodemiyanının idarə olunması və fövqəladə hallar zamanı onların təsirinin azaldılması üçün milli imkanların yaradılması, heyvan sağlamlığı və əlaqəli sahələrdə infodemiyanın qarşısının alınması və onlara qarşı cavab tədbirlərinin görülməsi üçün istifadə edilən strategiyalar, təcrübələr, metodlar və alətlər haqqında ümumi məlumatların ötürülməsi və infodemiya ilə mübarizə üzrə ölkələrin təcrübələrinin bölüşülməsi məqsədilə keçirilir.
Seminarda müvafiq nazirliklərin və beynəlxalq təşkilatların nümayəndələri də çıxış edib. Çıxışlardan sonra isə tədbir “ÜHST-nin kommunikasiya fəaliyyətlərinin və əlaqələndirici şəxslərinin rolunun araşdırılması” və “İnfodemik idarəetmə konsepsiyası və proseslərinə giriş” mövzularına dair təqdimat, interaktiv sessiya və simulyasiya məşqləri ilə davam edib.
Seminar zamanı AQTA-nın heyvan sağlamlığı sahəsində 5 il ərzində gördüyü işlərə və ÜHST-nin Kommunikasiya üzrə Milli Əlaqələndiricilərinin roluna dair videoçarxlar nümayiş olunub.
Qeyd edək ki, tədbir çərçivəsində oktyabrın 19-da “Adekvat müdaxilələr və qiymətləndirmə ilə infodemiyanı necə həll etmək olar?” mövzusu ilə bağlı təqdimat və simulyasiya məşqlərinin həyata keçirilməsi və müzakirələrin aparılması, oktyabrın 20-də isə müvafiq məsələlər üzrə təqdimat və sessiyaların təşkil olunması planlaşdırılır.