Baytarlıq ixtisası üzrə təhsil alan tələbə və məzunlar üçün AQTİ-də təlim-təcrübə kursu təşkil ediləcək
14 Mart 2024 09:53

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) bazasında Lənkəran Dövlət Universitetində (LDU) baytarlıq ixtisası üzrə sonuncu kursda təhsil alan tələbələr və həmin ixtisas üzrə təhsilini son 2 ildə başa vurmuş məzunlar üçün təlim-təcrübə kursu təşkil ediləcək.
Məqsəd müvafiq sahə üzrə kadr potensialının artırılması, gənc, motivasiyalı və perspektivli baytarların işə qəbulu və kadr ehtiyaclarının ödənilməsidir.
Təlim-təcrübə kursunun cari ilin aprelində başlanması və 3 ayadək davam etməsi nəzərdə tutulur. Kurs qeyd olunan sahə üzrə yalnız nəzəri və praktiki deyil, həm də mövcud qanunvericiliklə bağlı məsələləri əhatə edəcək. İştirakçılar təlimlərlə yanaşı, İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında istehsalat təcrübəsi də keçəcəklər.
Təlim-təcrübə kursunun sonunda iştirakçıların qiymətləndirilməsi aparılacaq və müvəffəqiyyət qazananlara sertifikat veriləcək. Bundan əlavə, onlar müvafiq müsahibədən keçirilərək AQTİ-də ixtisaslarına uyğun işlə təmin olunacaqlar.
Maraqlananlar CV-lərini “AQTİ-Baytarlar üçün təlim” başlığı ilə info.qti@afsa.gov.az ünvanına göndərə bilərlər. Namizədlərlə əlaqə saxlanılacaq və ilkin müsahibə telefon vasitəsilə keçiriləcək. İlkin müsahibələr və CV-lərin təhlili nəticəsində seçilmiş şəxslər İnstituta canlı və ya onlayn müsahibəyə dəvət olunacaqlar. Yalnız bu müsahibədən keçənlər təlim-təcrübə kursunda iştirak edə biləcəklər. Namizədlərin LDU-nun tələbəsi və ya məzunu olması ilə yanaşı, motivasiyalı olmaları, ingilis və ya rus dillərini bilmələri arzuediləndir.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

İdxal olunan süd məhsulunda uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində "Besting" MMC-nin Rusiyadan idxal etdiyi “Orsk Süd Məhsulları” şirkətinin istehsalı olan 1593 kq qatılaşdırılmış süd məhsulundan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində tərkibində istifadəsinə icazə verilməyən qida əlavəsi (benzoy turşusu) aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək, məhsul partiyası məhv edilib.

İyunun 1-i Ümumdünya Süd Günüdür
İyunun 1-i Ümumdünya Süd Günü kimi qeyd olunur. Bu gün Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən təsis edilib. Məqsəd südün və süd məhsullarının insan sağlamlığındakı rolunu vurğulamaqdır. Süd insan sağlamlığı üçün çox faydalı qida məhsuludur. Onun tərkibində bədən üçün vacib olan bir çox vitamin və mineral mövcuddur. Xüsusilə uşaqların inkişaf dövründə və yaşlı insanların sümük sağlamlığını qorumaq üçün südün mütəmadi qəbulu tövsiyə olunur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tövsiyə edir ki, körpələr ilk 6 ay ərzində yalnız ana südü ilə qidalanmalıdır. Ana südü yalnız qida deyil, həm də körpənin immunitet sistemini gücləndirən, onu müxtəlif infeksiyalardan qoruyan bir maddədir. Ana südünün tərkibi körpənin ehtiyaclarına tam uyğun gəlir və bənzərsiz bioloji struktura malikdir. Hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı və Nutrisiologiya və Diyetologiya Assosiasiyası ilə birgə “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi həyata keçirilir. Həmin layihə çərçivəsində körpənin ilk və ən vacib qidası olan “Möcüzəvi qida - Ana südü” mövzusunda müxtəlif maarifləndirici tədbirlər davam etdirilir.