Bolqarıstanın Vidin vilayətindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb
17 Sentyabr 2021 12:23
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Bolqarıstan Respublikasının Vidin vilayətində qeydə alınmış Nyukasl xəstəliyi aradan qaldırılıb. OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, Nyukasl xəstəliyinin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və vilayətin epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, AQTA tərəfindən Bolqarıstan Respublikasının Vidin vilayətindən Azərbaycan Respublikasına bütün növ diri quş və quşçuluq məhsullarının idxalına tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb. Eyni zamanda aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə məlumat verilib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tövsiyə edir ki, yüksək patogen quş qripi xəstəliyinin baş verməməsi üçün quşçuluq məhsullarının və quşların beynəlxalq ticarətinin aparılmasında ölkələrin epizootik vəziyyəti nəzərə alınmalı, quşçuluq təyinatlı istehsal müəssisələrində və bu müəssisələrin daxil olduğu ərazilərdə daimi müşahidələr aparılmalı və baytarlıq-sanitariya tələblərinə əməl edilməlidir.
Oxşar xəbərlər

Albaniyanın bəzi bölgələrində xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Albaniya Respublikasının Dibra və Şkoder bölgələrində xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Dibra və Şkoder bölgələrində zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların, həmçinin bu ev heyvanlarından alınan məhsulların idxalına, habelə tranzitinə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Latviyanın Vidzeme regionunda quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Latviya Respublikasının Vidzeme regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Vidzeme regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.