Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
19 Oktyabr 2023 15:17

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Belçika Krallığının Flandriya əyalətində, Almaniya Federativ Respublikasının Şimali Reyn-Vestfaliya vilayətində blutanq, İsveçrə Konfederasiyasının Bern inzibati ərazi vahidində, İtaliya Respublikasının Sardiniya regionunda epizootik homorraji, Polşa Respublikasının Lodz inzibati ərazisində, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Cənubi Dakota, Minnesota, Montana, Yuta ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, Belçika Krallığının Flandriya əyalətində və Almaniya Federativ Respublikasının Şimali Reyn-Vestfaliya vilayətində, zonalaşma prinsipi nəzərə alınmaqla, blutanq xəstəliyi baş vermiş təsərrüfatın 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların, İsveçrə Konfederasiyasının Bern inzibati ərazi vahidindən və İtaliya Respublikasının Sardiniya regionundan bütün növ diri gövşəyən heyvanların, həmçinin onlara aid genetik materialların, Polşa Respublikasının Lodz inzibati ərazisində və ABŞ-ın Cənubi Dakota, Minnesota, Montana, Yuta ştatlarında, zonalaşma prinsipi nəzərə alınmaqla, yüksək patogen quş qripi xəstəliyinin baş vermiş ərazi vahidinə daxil olan təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz:

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.