Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
2 Oktyabr 2023 17:17
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Niderland Krallığının Cənubi Hollandiya, Flevoland əyalətlərində blutanq, Rusiya Federasiyasının Kursk vilayətində xırdabuynuzlu heyvanların çiçək, Fransa Respublikasının Oksitaniya, Yeni Akvitanya regionlarında isə epizootik homorraji xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün, zonalaşma prinsipi nəzərə alınmaqla, Niderland Krallığının Cənubi Hollandiya və Flevoland əyalətlərində blutanq xəstəliyinin baş vermiş təsərrüfatın 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların, Rusiya Federasiyasının Kursk vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyinin baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların, Fransa Respublikasının Oksitaniya və Yeni Akvitanya regionlarından bütün növ diri gövşəyən heyvanların, həmçinin onlara aid genetik materialların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Azərbaycan Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına üzv seçilib
Azərbaycan Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına (EuFMD) üzv seçilib. Üzvlük çərçivəsində ölkəmiz dabaq xəstəliyinə və oxşar transsərhəd heyvan xəstəliklərə qarşı hazırlığın və nəzarətin gücləndirilməsində Komissiya ilə sıx əməkdaşlıq edəcək. Azərbaycan EuFMD proqramı vasitəsilə təklif olunan geniş texniki dəstək və imkanlardan faydalanacaq. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri iki il ərzində təlim proqramlarında iştirak edəcəklər. Qeyd edək ki, üzv ölkələr dabaq və oxşar transsərhəd heyvan xəstəliklərinə nəzarət ilə bağlı bütün məsələlər üzrə texniki məsləhətlər ala biləcək, fövqəladə hallar zamanı yardım, o cümlədən böhranların koordinasiyası və cavab tədbirlərində dəstək göstəriləcək.
Heyvanların identifikasiyası heyvan mənşəli məhsulların “fermadan süfrəyədək” izlənilməsinə imkan yaradır
Ölkədə heyvan sağlamlığının qorunması və təhlükəsiz heyvan mənşəli qida məhsullarının istehsalının təmin edilməsi məqsədilə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) tətbiqi uğurla davam edir. Bu sistem xəstəliklərin diaqnostikası və profilaktikası üzrə həyata keçirilən tədbirlərə nəzarəti gücləndirməklə yanaşı, heyvan mənşəli məhsulların “fermadan süfrəyədək” izlənilməsinə geniş imkan yaradır. Hazırda ölkəmizdə identifikasiya məqsədilə vizual və elektron qulaq birkaları, mikroçiplər və bolyuslar kimi innovativ vasitələrdən geniş istifadə olunur. Bu yanaşma hər bir heyvan üzrə tətbiq olunan peyvəndlər, antibiotiklər və digər baytarlıq preparatları, həmçinin qoyulmuş diaqnozlar barədə məlumatların vahid elektron bazada toplanmasına şərait yaradır. Toplanmış məlumatlar heyvan sağlamlığı ilə bağlı vəziyyətin operativ təhlilinə imkan verir, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasını xeyli asanlaşdırır. Bununla yanaşı, sistem heyvanların genetik xətt üzrə izlənilməsinə, damazlıq işinin daha səmərəli təşkilinə və ixrac imkanlarının genişlənməsinə mühüm töhfə verir. Ümumilikdə, heyvanların identifikasiyası heyvan və heyvan mənşəli məhsulların izlənilməsini təmin etməklə ölkədə bioloji təhlükəsizliyin möhkəmləndirilməsində və insan sağlamlığının qorunmasında mühüm rol oynayır. Qeyd edək ki, HİQS-də bugünədək 916 842 baş heyvan qeydiyyata alınıb. Daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz:
Masallı və Ağsu heyvan bazarları açılıb - VİDEO
Masallı və Ağsu rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar ərazisi asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb, həmçinin baytar həkimin nəzarəti üçün məntəqə tikilib. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Hazırda Abşeron, Cəlilabad və Xaçmaz heyvan bazarlarında intensiv təmir və rekonstruksiya işləri aparılır. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar və Kürdəmir rayonlarındakı heyvan bazarları fəaliyyətə başlayıb. Qeyd edək ki, bazarlar Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun yenidən qurulmalıdır. Yenidən qurulan heyvan bazarları isə yalnız Agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş