Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
7 Yanvar 2024 17:46

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Tunis Respublikasının Sidi-Bu-Zid vilayətində dabaq, Moldova Respublikasının Ştefan-Voda, Drokiya, Rezina rayonlarında, Polşa Respublikasının Dolnoslask Nijnesilezsk inzibati ərazisində, Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Sidi-Bu-Zid vilayətində xəstəlik baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədən çütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, Ştefan-Voda, Drokiya, Rezina rayonlarında, Dolnoslask Nijnesilezsk inzibati ərazisində, Pensilvaniya ştatında xəstəlik baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

İdxal olunan süd məhsulunda uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində "Besting" MMC-nin Rusiyadan idxal etdiyi “Orsk Süd Məhsulları” şirkətinin istehsalı olan 1593 kq qatılaşdırılmış süd məhsulundan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində tərkibində istifadəsinə icazə verilməyən qida əlavəsi (benzoy turşusu) aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək, məhsul partiyası məhv edilib.

İyunun 1-i Ümumdünya Süd Günüdür
İyunun 1-i Ümumdünya Süd Günü kimi qeyd olunur. Bu gün Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən təsis edilib. Məqsəd südün və süd məhsullarının insan sağlamlığındakı rolunu vurğulamaqdır. Süd insan sağlamlığı üçün çox faydalı qida məhsuludur. Onun tərkibində bədən üçün vacib olan bir çox vitamin və mineral mövcuddur. Xüsusilə uşaqların inkişaf dövründə və yaşlı insanların sümük sağlamlığını qorumaq üçün südün mütəmadi qəbulu tövsiyə olunur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tövsiyə edir ki, körpələr ilk 6 ay ərzində yalnız ana südü ilə qidalanmalıdır. Ana südü yalnız qida deyil, həm də körpənin immunitet sistemini gücləndirən, onu müxtəlif infeksiyalardan qoruyan bir maddədir. Ana südünün tərkibi körpənin ehtiyaclarına tam uyğun gəlir və bənzərsiz bioloji struktura malikdir. Hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı və Nutrisiologiya və Diyetologiya Assosiasiyası ilə birgə “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi həyata keçirilir. Həmin layihə çərçivəsində körpənin ilk və ən vacib qidası olan “Möcüzəvi qida - Ana südü” mövzusunda müxtəlif maarifləndirici tədbirlər davam etdirilir.