Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
10 Yanvar 2025 14:23

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Portuqaliya Respublikasının Lissabon dairəsində, Filippin Respublikasının Şimali Kamarines əyalətində, Amerika Birləşmiş Ştatlarının isə Missuri, Alabama, Kanzas, Viskonsin ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Lissabon dairəsində, Şimali Kamarines əyalətində və Missuri, Alabama, Kanzas, Viskonsin ştatlarında zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər

Ölkə ərazisində fitosanitar monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə bitkiçilik təsərrüfatlarında fitosanitar monitorinqləri davam etdirir. Tədbirlər çərçivəsində Agentlik əməkdaşları Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə birgə Culfa rayonu ərazisində yerləşən ümumi sahəsi 314 ha olan qarışıq meyvə bağında (üzüm, alma, badam, gilas, digər tumlu-çəyirdəkli meyvələr) fitosanitar monitorinq aparıb. Monitorinq zamanı zərərvericilərin erkən aşkarlanması məqsədilə feromon tələlər quraşdırılıb. Qeyd edək ki, bağda istehsal olunan üzüm məhsulu Rusiya Federasiyası və Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunur. Ölkə üzrə fitosanitar monitorinqlər davam etdirilir.

Quş qripi xəstəliyinə qarşı monitorinqin nəticələri açıqlanıb
Cari ilin 19-23 may tarixlərində Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Monitorinq zamanı 65 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 23 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 230 baş, habelə 14 rayonun (şəhər) 116 ailə təsərrüfatında ümumilikdə müxtəlif növ 364 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Laboratoriyalarda aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb.

Yeni qida normalarının tətbiqi sağlam inkişafa müsbət təsir göstərəcək
Məlum olduğu kimi, təhsil və tibb müəssisələrində, habelə sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qidalanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş qida normalarına əsasən təşkil olunur. Yeni normaların hazırlanması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb və “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” müvafiq layihələr hazırlanıb. Layihələr hazırlanarkən sahəvi qanunvericilik aktları təhlil edilib, həmin qanunvericilik aktlarına uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktların tətbiqi təcrübəsi araşdırılıb. Həmçinin ölkədəki uşaqların 2012-2022-ci illər üzrə sağlamlıq vəziyyəti təhlil edilib, mövcud məsələlərin həlli istiqamətində müalicə və profilaktika ilə yanaşı, düzgün qidalanmanın da rolu nəzərə alınaraq, uşaqların qida normaları təkmilləşdirilib. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən ediləcək. Tibb müəssisələrində və sosial sahəyə aid müəssisələrdə yeni qida normalarının tətbiqi, bu sahələrdə xidmət alan şəxslərin fiziki və psixoloji sağlamlığını yaxşılaşdırmaqla yanaşı, onların müalicə və reabilitasiya proseslərinə müsbət təsir göstərəcək. Təhsil müəssisələrində yeni qida normalarının tətbiqi isə təhsil alan şəxslərin qida təminatının düzgün tənzimlənməsi ilə onların sağlam inkişafını təmin edəcək.