Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
5 Noyabr 2024 11:12
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fransa Respublikasının Oksitaniya regionunda və İngiltərənin Şimal-Şərqi İngiltərə regionunda blutanq, Albaniya Respublikasının Tirana vilayətində, Amerika Birləşmiş Ştatlarının Kaliforniya, Oreqon ştatlarında, Türkiyə Respublikasının Konya vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Oksitaniya regionunda və Şimal-Şərqi İngiltərə regionunda xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların, Tirana vilayətində, Kaliforniya, Oreqon ştatlarında, Konya vilayətində isə xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Qida təhlükəsizliyi tələblərinin pozulduğu iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Ağcabədi rayonunun N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Alıyev Xəyyam Mirzəli oğluna məxsus “01” dönərxanasında və Xocavənd kəndində yerləşən, fiziki şəxs Hüseynov Elmir Əmirxan oğluna məxsus “Dostluq” dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanalarda qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən olunub. Belə ki, iaşə obyektlərində çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl olunmadığı, qabaqcıl gigiyena təcrübəsinin, o cümlədən çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb.
Göygöldə alkoqollu içkilərin istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
Daxil olan müraciət əsasında Göygöl rayonu, Quşqara kəndində yerləşən, “Demonn” MMC-yə məxsus alkoqollu içkilərin istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
AQTİ sahibkarlıq subyektlərinin əməkdaşlarının məlumatlandırılması istiqamətində işləri davam etdirir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi olaraq təlimlər keçirir. AQTİ-nin Təlim Mərkəzi tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün növbəti təlim “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil edilib. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən təlim iştirakçılara müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil edilməsi üçün zəruri məlumatlar vermək məqsədilə keçirilib.