Fumiqasiya zamanı xüsusi qaydalara əməl olunmalıdır
26 Noyabr 2018 00:00
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, hər il anbar zərərvericiləri 65 mln. ton ərzaqlıq və toxumluq dəni məhv edir. Halbuki bu məhsulla 135 mln. insanı və ya bütün Afrika qitəsinin əhalisini qida ilə təmin etmək olar. Hazırda 400 növdən artıq anbar zərərvericisi mövcuddur.
Anbar zərərvericiləri yeyinti məhsulları və müxtəlif yüklərlə uzun məsafələrə yayılır. Xüsusilə karantin vəziyyəti zəif öyrənilmiş ölkələrdən bitki mənşəli məhsulların idxalının ildən-ilə artması, zərərli orqanizmlərin ölkə ərazisinə gətirillməsi kimi real təhlükə yaradır. İl ərzində idxal edilən karantin nəzarətində olan yüklərə baxış zamanı, Azərbaycan Respublikasında karantin tətbiq edilən onlarla növ aşkar edilir. Bununla yanaşı, hazırda bəzi saxlanma yerləri müasir tələblərə cavab vermir. Eyni zamanda, anbar zərərvericilərinin növ tərkibi hiss ediləcək dərəcədə artıb. Bu zərərvericilər müxtəlif substratları, xüsusən dəni, unu, yarmanı, quru meyvələri, meyvə-tərəvəzləri, heyvan mənşəli məhsulları, qarışıq yemləri, otu, dərman xammalının saxlanma yerlərini, nəqliyyat vasitələrini və s. yoluxdura bilir. Zərərvericilər məhsulun çəkisini azaldır, keyfiyyətini aşağı salır, toxumların cücərmə faizini azaldır. Bir çox gənə və həşəratlar allergenlər yaradır ki, bu da insanlarda allergik xəstəliklərin inkişafı üçün risk amili ola bilər.
Anbar zərərvericiləri ilə profilaktik və məhvedici tədbirlər görməklə mübarizə aparılır. Fumiqasiya geniş yayılmış məhvetmə üsullarından biridir. Belə ki, fumiqasiya zamanı zərərvericilər zəhərli buxar və ya qazlarla məhv edilir. Zərərsizləşdirmə işlərinin texnologiyasına əməl etdikdə, 100% səmərə almaq mümkündür. Lakin fumiqantlardan yanlış istifadə, bu zaman qaydalara əməl edilməməsi ciddi fəsadlar yarada bilər. Odur ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, fumiqantlar tətbiq edilərkən xüsusi qaydalara əməl edilməlidir. Belə ki, həblərin vahid sahəyə düşən norması sahə üzrə bərabər şəkildə paylanmalıdır. Həblərin qeyri-bərabər paylanması nəticəsində, yanğın və partlayış baş verə bilər. Digər tərəfdən bu məhsulun orqanoleptik göstəricilərinin pisləşməsinə və yüksək dərəcədə kimyəvi çirklənməsinə səbəb ola bilər.
Fumiqasiya prosesinə qədər təşkilatı işlər planlı şəkildə aparılmalı, müvafiq orqanlara fumiqasiyanın aparılması barədə məlumat verilməli, xəbərdaredici lövhələr hazırlanmalı, qaz sızmasının qarşısının alınması məqsədi ilə obyekt hermetikləşdirilməlidir. Fumiqasiya və deqazasiya zamanı təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət edilməlidir.
Oxşar xəbərlər
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqin nəticələri açıqlanıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı 2026-cı il 2-6 mart tarixlərində keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Monitorinq epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, habelə 16 rayonun (şəhər) ailə təsərrüfatlarında müxtəlif növ ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib. Bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb. Vəhşi və ev quşlarından götürülmüş nümunələrin laborator müayinələri və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkar edilməyib.
Heyvanların identikləşdirilməsi baytarlıq nəzarətinin effektivliyini artırır
Heyvanların identifikasiyası və qeydiyyatı heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarətin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir və baytarlıq nəzarətinin əsasını təşkil edir. Heyvanların qeydiyyatı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə aparılır. Sistem heyvanların fərdi qeydiyyatının aparılmasını, heyvanların sağlamlıq durumunun, aparılmış baytarlıq tədbirlərinin vahid məlumat bazasında toplanmasını, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsini təmin edir. Heyvanların identifikasiyası və qeydiyyatı aşağıdakı istiqamətlər üzrə mühüm əhəmiyyətə malikdir: Xəstəliklərin diaqnostikası və profilaktikası – erkən aşkarlama və yayılmanın qarşısının alınması; Heyvan sağlamlığına nəzarət – peyvəndləmə və müalicə məlumatlarının sistemli idarə olunması; Qida təhlükəsizliyi – “fermadan süfrəyə” prinsipi ilə izlənilmənin təmin olunması; Sahənin inkişafı – məhsuldarlığın artırılması və idarəetmənin təkmilləşdirilməsi; Ərzaq təhlükəsizliyi – heyvanların baş sayının dürüstləşdirilməsi; Hüquqi tənzimləmə – mülkiyyət hüquqlarının qorunması və itirilmiş heyvanların aşkar edilməsi. Nəticə etibarilə, bu sistem baytarlıq nəzarətinin effektivliyini artırır, heyvan sağlamlığını və qida təhlükəsizliyini təmin edir, həmçinin təsərrüfat subyektlərinin fəaliyyətində şəffaflığı gücləndirir və dövlət dəstəyi tədbirləri üçün etibarlı informasiya bazası yaradır.
AQTA "Erkən kəsimə son" adlı maarifləndirici kampaniyaya başlayıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi "Erkən kəsimə son" adlı maarifləndirici kampaniyaya başlayıb. Məlum olduğu kimi, son dövrlərdə respublikada qaramalın 6-9 aylıq, qoyunların isə 3-5 aylıq yaşda kəsiminin aparılması ənənəvi hal alıb. Bu da hər iki növə aid heyvanların məhsuldarlıq potensialı tam istifadə edilmədən təsərrüfatdan çıxarılması, yekunda isə məhsuldar heyvanların ümumi sayının azalması və istehsalın aşağı düşməsi ilə nəticələnir. Bu məqsədlə iri və xırdabuynuzlu heyvanların erkən yaşda kəsilməsinin qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinə start verilib. Layihə çərçivəsində maarifləndirici materialların (buklet, broşür, poster, videoçarx və s.) hazırlanması və paylaşılması nəzərdə tutulur. Geniş ictimaiyyət media və sosial şəbəkələr vasitəsilə kampaniya barədə məlumatlandırılacaq.
Giriş