Heyvanlar üçün bioloji preparatlar istehsal ediləcək müəssisələrin qeydiyyatı ilə bağlı qaydalar təsdiq olunub
18 Yanvar 2024 10:44
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı Qaydası” təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qayda baytarlıq nəzarəti obyektləri olan və baytarlıq preparatlarının, o cümlədən bioloji preparatların, yəni vaksinlərin, antigenlərin və serrumların istehsalı müəssisələrinin yaradılması və fəaliyyəti ilə bağlı məsələləri əhatə edir. Belə ki, hazırda ölkəmizdə baytarlıq preparatlarının, o cümlədən bioloji preparatların istehsalı obyektlərinin qurulmasına maraq yaranıb. Müvafiq Qayda da belə müəssisələrin yerinin seçilməsini, layihələrinin təsdiq edilməsini, müvafiq istehsal sahəsinin tələblərinə uyğun olub-olmadığını və digər məsələləri tənzimləyəcək. Nəticədə keyfiyyətli bioloji preparatların istehsalı təmin ediləcək. Həmçinin bu Qayda ətraf mühit və bioloji təhlükəsizlik gözlənilməklə, aidiyyəti üzrə obyektlərin yaradılmasına, müvafiq qaydada qeydiyyata alınmasına və fəaliyyətlərinə qanunvericiliyin tələbləri çərçivəsində nəzarət olunmasına imkan verəcək.
Qeyd edək ki, sözügedən Qaydada heyvanlar üçün bioloji preparatların istehsalı ilə məşğul olan şəxslərin obyektlərin qeydiyyata alınması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə ərizə ilə müraciət etməsi, müəssisələrin qiymətləndirilməsinin aparılması, qeydiyyata alınması və ya imtina olunması məsələləri əksini tapıb.