Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin tətbiqi davam etdirilir
8 Yanvar 2025 15:42
Ölkədə heyvan sağlamlığının və təhlükəsiz heyvan mənşəli qida məhsulları istehsalının təmin olunması məqsədilə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) ölkə üzrə tətbiqi davam etdirilir.
2021-ci il 15 dekabr - 2025-ci il 8 yanvar tarixlərində respublika üzrə ailə-kəndli və fermer təsərrüfatlarında 446143 baş iribuynuzlu heyvan, 4302 baş at identikləşdirilərək, həm təsərrüfat, həm də heyvanlar haqqında məlumatlar elektron sistemə daxil edilib.
Bununla bağlı olaraq, ölkə ərazisində mövcud olan iri və xırdabuynuzlu heyvanların və atların müvafiq təlimata uyğun identikləşdirilməsinin təmin edilməsi, bu məlumatların Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminə daxil edilməsi və digər məsələlərlə bağlı regionlarda müşavirələr keçirilir. Müşavirələrdə heyvanların identifikasiya olunmasının əhəmiyyəti barədə iştirakçılara geniş məlumat verilir.
Qeyd edək ki, HİQS sistemi heyvanların məruz qaldığı xəstəlikləri, profilaktik və müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınaqı və nəticələri, heyvanın hərəkəti, həmçinin sahibləri və digər individual göstəriciləri barədə məlumatların unikal identifikasiya kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq, idarə olunmasını təmin edir. Həmçinin sistemin əsas fuksiyalarına tətbiq olunan preparatların orqanizmdən xaricolma müddətinin gözlənilməsi, alqı-satqısı, daşınması və kəsim dövründə heyvanlara nəzarət edilməsi, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə olunması daxildir.
Oxşar xəbərlər
Marketdə istehlaka yararsız qida məhsulları aşkarlanıb
Daxil olan müraciət əsasında Masallı rayonu, Köhnə Alvadı kəndində fəaliyyət göstərən, Abuşov Ümid Alış oğluna məxsus “Alış” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, ticarət obyektində istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları (qənnadı, makaron, süd, kolbasa) aşkarlanıb. İstifadə müddəti bitmiş məhsulların satışının qarşısı alınıb və faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Portuqaliya Respublikasının Lissabon dairəsində, Filippin Respublikasının Şimali Kamarines əyalətində, Amerika Birləşmiş Ştatlarının isə Missuri, Alabama, Kanzas, Viskonsin ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Lissabon dairəsində, Şimali Kamarines əyalətində və Missuri, Alabama, Kanzas, Viskonsin ştatlarında zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Bakıda nöqsanlar aşkarlanan ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində fəaliyyət göstərən fiziki şəxs Abbasov Zahir Həsən oğluna məxsus “Ay işığı” ictimai iaşə müəssisəsinin plandankənar yoxlama keçirilib. Yoxlama zamanı ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, həmçinin sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, ayrıca manqal sahəsinin təşkil edilmədiyi, mətbəx sahəsinin divar, döşəmə və tavan səthlərinin su keçirməyən, yuyula bilən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materiallarından üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, ayrıca yuma çanaqlarının təşkil olunmadığı, ağzı kip bağlanan, qoxu yaymayan tullantı qablarından istifadə edilmədiyi, işçilərin tibbi müayinədən keçmədiyi, xüsusi geyimlə təmin edilmədiyi, eyni zamanda gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul edilib.