İctimai iaşə obyektlərində monitorinqlər davam edir
24 Noyabr 2020 17:37
Ölkəmizdə xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması bizlərdən müharibə dövrünün şərtlərinə uyğun olaraq xüsusi yanaşma və məsuliyyət tələb edir. Xüsusilə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar.
Agentlik əməkdaşları tərəfindən bu sahədə aidiyyəti qurumlarla birgə həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı, təəssüflər olsun ki, bəzi ictimai iaşə müəssisələrinin sahibləri və müştərilər tərəfindən bir sıra qaydalara əməl edilmədiyi aşkar olunur.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində reydlər davam etdirilir. Belə ki, AQTA əməkdaşları tərəfindən 2020-ci il 23 noyabr tarixində Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəmkir, Sabirabad, Ağstafa, Mingəçevir) üzrə 459 ictimai iaşə obyektində 837 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən 53 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.
Aparılan reydlər zamanı sahibkarlıq subyektlərində, əsasən, işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, həmçinin pandemiya dövründə ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması ilə bağlı nöqsanlar aşkarlanıb.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq, adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır.
Unutmaq olmaz ki, koronavirusun sürətlə yayılmasının qarşısını almaq üçün bu qəbildən olan tədbirlərin daim diqqət mərkəzində saxlanması və mütəmadi qaydada qabaqlayıcı tədbirlərin həyata keçirilməsi vacib şərtlərdəndir.
AQTA bir daha sahibkarları və istehlakçıları koronavirus pandemiyası ilə bağlı tətbiq olunmuş xüsusi rejimə əməl etməyə, virusdan qorunmaq üçün tələb olunan metodiki göstərişlərdə nəzərdə tutulmuş qaydalara ciddi şəkildə riayət etməyə çağırır.
Oxşar xəbərlər

Albaniyanın bəzi bölgələrində xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Albaniya Respublikasının Dibra və Şkoder bölgələrində xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Dibra və Şkoder bölgələrində zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların, həmçinin bu ev heyvanlarından alınan məhsulların idxalına, habelə tranzitinə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Latviyanın Vidzeme regionunda quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Latviya Respublikasının Vidzeme regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Vidzeme regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.