İdxal olunan kartof məhsulunda zərərli orqanizmlər aşkar olunub
8 Noyabr 2018 00:00
Ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən Gürcüstan Respublikasından fitosanitar sertifikatla ixrac olunan 26042 kiloqram kartof məhsulundan götürülən nümunələrdə gövdə nematodu zərərli orqanizmləri aşkar edilib.
Aşkar olunan zərərli orqanizmin karantin tətbiq edilən gövdə nematodu olması ehtimal edilərək, məhsuldan nümunə götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.
Müayinələr nəticəsində məhsullarda karantin tətbiq edilən gövdə nematodunun olması öz təsdiqini tapıb. Aşkar edilmiş zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, nəqliyyat vasitəsində olan 26042 kiloqram kartof məhsulunun Gürcüstan Respublikasına qaytarılması üçün aidiyyəti üzrə müraciət edilib.
“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduqda, onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısını almaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Kartofun gövdə nematodu dəyirmi qurdlardan olub, ölçüsü 0,72-1,44 mm-dir. Bitkinin bütün yeraltı (kökyumruları, kökümsovları) hissəsinə zərər verir. Növ çoxzonalılıq təşkil edir və mülayim iqlim qurşağına malik olan regionlarda yayılır. Sirayətlənmiş kökyumrularında yaş və yaxud quru çürümə olur ki, bu da anbarlarda saxlanılan zaman digər kökyumrularına da yayılır. Gövdə nematodunun zərərvericiliyi saxlanma zamanı, əsasən də temperatur dəyişikliyi olan zaman təzahür edir. Kiçik məsafələrə torpaq vasitəsilə yayıla bilən bu oqanizmlər suvarma zamanı su vasitəsilə də yayıla bilir.
Oxşar xəbərlər

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz:

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.